Əsəblərini cilovlaya bilməyən Berdiyev, hər dəfə problem yaşayan Bayramov
- Hakimlər Komitəsi müqqəssiri müəyyənləşdirsin!
UEFA hakimlərin doğru və ya yanlış qərar verməsindən asılı olmayaraq, onlara qarşı təzyiqlərə 0 tolerantlıq yanaşması tətbiq edir. Çünki oyunda ədaləti məhz hakim qoruyur.
Hakimə təzyiq və hörmətsizlik futbolun ciddiliyini azaldır. Belə davranışlar adi hala çevrilsə, oyun nəzarətdən çıxar və xaos yaranar.
Dünən Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında Kurban Berdiyevin 4-cü hakim Elvin Bayramova qarşı fiziki təzyiq göstərməsi, eyni zamanda, onu təhqir etməsi sərt şəkildə cəzalandırılmalıdır. Ümid edirəm ki, AFFA İntizam Komitəsi bu məsələdə ən ağır cəzanı verəcək.
Oxşar hadisə 5 il əvvəl də baş vermişdi. Hazırda “Zirə”də köməkçi məşqçi olan Vüqar Məmməd “Səbail”də Aftandil Hacıyevin köməkçisi olarkən “Sumqayıt”la kubok matçında köməkçi hakim Cavanşir Yusifova fiziki təzyiq etmişdi. Həmin vaxt İntizam Komitəsi Vüqar Məmmədi 20 oyunluq cəza ilə, klubunu isə 16 000 manat məbləğində cərimələmişdi. Səhv etmirəmsə, Vüqar Məmmədin cəzası hələ də bitməyib.
Dünənki oyunla bağlı digər diqqətçəkən məqam isə 4-cü hakim Elvin Bayramovla əlaqəlidir. Cəmi 5 gün əvvəl “Turan Tovuz”un “Qarabağ”la matçında Elvin Bayramov ehtiyat hakim idi. Həmin oyunda tovuzluların məşqçiləri Yunis Hüseynov və Yevgeni Şetinin sarı vərəqə ilə cəzalandırılmışdı.
Dünənki qarşılaşmada isə Kurban Berdiyev və Yunis Hüseynovun qırmızı vərəqə alması müəyyən suallar yaradır.
Bəlkə Elvin Bayramov texniki zonanı idarə edə bilmir?
Yoxsa tovuzluların Elvin Bayramovla problemi var?
Və ya həqiqətən də məşqçilər özlərini idarə edə bilmirlər?! və s.
Bu məsələləri bir zəhmət, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və departament rəhbəri Bəhruz Teymurov araşdırsınlar...
Elsevər Muradzadə