Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib.
Sportliqa.az xəbər verir ki, ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib. Söhbət “QOLAT Sport Service” şirkətinin həmtəsisçisi və direktoru Səid Bağırovdan gedir. O artıq lisenziyalı FİFA agentləri siyahısında yer alır.
S.Bağırov bildirib ki, imtahan olduqca çətin keçib: "İmtahan prosesi həyəcanlıdır. Bu mənim ilk imtahanım idi və Türkiyədə, TFF tərəfindən təşkil olundu. Biz iyunda qeydiyyatdan keçərkən AFFA FİFA-nın imtahan siyahısında yox idi. Bu səbəbdən də Türkiyə variantını seçdim. Hazırda Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Əslində tək olmaq məsuliyyətimi bir qədər də artırır. Qəribə hissdir. Həqiqətən şişirtmirəm, imtahan formatı çox fərqlidir, imtahanı 3 dildə verə bilərsiniz, ingilis , fransız və ispan dillərində, mən ingilis dilini seçmişdim. Təsəvvür edin ki, suallar daha çox analiz qabiliyyəti , hesablamalar, FİFA futbol və agent qaydaları haqqında idi. Ən çətini isə 1 sualın birdən çox cavabı olmasıdır və hamısını düzgün seçməlisiniz, birini düz digərini səhv seçsəniz cavab səhv olaraq qeydə alınır. Mən dünyanın başqa ölkələrindəki imtahanların nəticələrinə baxıram. Həqiqətən kəsilənlər çoxdur, ikinci imtahanda 10, 383 nəfər qeydiyyatdan keçib, lakin iki imtahan nəticəsində ( Aprel və Sentyabr) hal hazırda FİFA Platformasında 3841 FİFA lisenziyalı futbol agenti var və mən onlardan biriyəm. Mən universitetdə müəlliməm. Bəlkə də bunun üstünlüyü var idi. Hazırlaşdığım müddətdə çətinlik hiss etmədim. Şükür ki, Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Az da olsa, özümlə qürur duyuram".
İdman idarəçiliyi ilə məşğul olan “QOLAT Sport Service” şirkəti haqqında məlumat verən iş adamı qeyd edib ki, "Şirkətimiz 2017-ci ildən fəaliyyət göstərir, idman xidmətləri göstərir. Ölkədə şirkətlər, dövlət qurumları, uşaqlar üçün yarışlar keçiririk. İdman idarəçiliyi bizim işimizdi. Rəsmi şəkildə agentlik fəaliyyətinə başlayırıq və artıq bir neçə oyunçu ilə ilkin görüşlərimiz olub. Təkcə Azərbaycanla kifayətlənməyəcəyik. Çünki dil biliklərim və xarici futbol klubları ilə də əlaqələrim var. Düşünürəm ki, əcnəbilərlə də əməkdaşlıq etmək imkanımız olacaq.