“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov ötən gün Misli Premyer Liqasının 21-ci turunda “İmişli” ilə oyundan sonra matçın keçirildiyi Quba Olimpiya Stadionunun daha bir nöqsanı ilə bağlı danışıb. Onun sözlərinə görə arenanın qapıları standartlardan 11 sm hündür olub və buna müdaxilə edildikdən sonra problem aradan qaldırılıb.
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev durumu belə izah etdi:
“Oyunların təşkili məsələlərində əsas şəxslərdən biri AFFA nümayəndələridir. Bu şəxslər öz müəyyən etdikləri, bir çox hallarda isə klublar tərəfindən edilən müraciətlər, şikayətlər əsasında oyunun təşkilinə mane ola biləcək çatışmazlıqların aradan qaldırılması yönündə çalışır. Bu barədə PFL-ə məlumat verilir, ardından isə məsləhətlər əsasında işlər yoluna qoyulur. Bu dəfə də eyni hal yaşanıb. Quba Olimpiya Kompleksinin stadionunda qapıların ölçüsündə hər hansı problem olmayıb. Sadəcə meydança təbii örtüklü olduğundan dünyanın hər bir yerində tez-tez rast gəldiyimiz qapıçıların dayandığı nöqtədə kiçik çöküntü yaşanıb. Bu barədə “Şamaxı” klubundan AFFA nümayəndəsinə xəbər verilib. Yoxlamadan sonra 7-8 sm çöküntü olduğu aşkarlanıb və dərhal da yoluna qoyulub. Ayxan müəllimin bildirdiyi kimi qapının standartları ilə bağlı “qlobal” bir hal yaşanmayıb. Burada şişirdiləcək bir şey olmayıb. Təbii örtüklü meydançalarda tez-tez yaşanan hadisədir”.
PFL rəsmisi qeyd edib ki, sözügedən nasazlıq futbolda tez-tez baş verə bilər: “Ümumiyyətlə, bu tip halların klublar tərəfindən AFFA nümayəndəsinə bildirilməsində qəbahət bir şey yoxdur. Məsələn, oyunöncəsi iclasda iştirak edən rəqib komandanın nümayəndəsi isti suda problem yaşandığını bildirməsə, AFFA nümayəndəsi onu necə bilə bilər. Və ya təcili tibbi yardım, elektron tablo və s. problemlər barədə klubların nümayəndəni məlumatlandırması və problemin aradan qaldırılması standart bir prosedurdur. Məsələn, fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Şamaxıda baş tutmalı olan matç öncəsi güclü qar yağışı başlamışdı. Qarın təmizlənməsi yalnız klubun ümidinə qalsaydı, oyun baş tutmayacaqdı.
Ancaq bu barədə klubdan məlumat veriləndən sonra AFFA və PFL-in birlikdə səyləri ilə ora sırf bu işlər üçün nəzərdə tutulmuş qartəmizləyən maşın göndərildi, oyunun vaxtında 20 dəqiqəlik gecikmə imkanı yaradıldı və s. Nəticə də oyun keçirildi. İndi Qubada belə bir halın yaşanması təbii ki, çatışmazlıqdır və çatışmazlığın aradan qaldırıması da normal haldır. Amma bunun mətbuat konfransında səsləndirilməsini etik saymırıq”. (qol.az)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az