Rəşad Nəbiyev Azərbaycan yığmasının üzvləri ilə görüşdü
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan millisi ilə görüşüb.
Bu barədə Sportliqa.az-a ACF-dən məlumat verilib.
Nəbiyev komandanı 29 iyun-2 iyul aralığında İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən Avropa çempionatında əldə olunan tarixi nəticə münasibətilə təbrik edib.
O, yarış boyunca idmançıların əzm və yüksək məsuliyyət nümayiş etdirdiklərini vurğulayaraq, son illərdə yeniyetmələr arasında qazanılan davamlı uğurların ölkədə cüdonun sistemli inkişafının göstəricisi olduğunu bildirib.
Federasiya prezidenti çıxışında cüdonun yalnız idman nəticələri ilə deyil, həm də yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, idmançıların sağlamlığının, xoşbəxtliyinin və hərtərəfli inkişafının hər zaman prioritet olduğunu vurğulayıb.
Rəşad Nəbiyev peşəkar yanaşmanın erkən yaşlardan vərdişə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq, əldə olunan uğurların mükəmməlləşmə yolunda mühüm addım olduğunu və bu nəticələrin gələcəkdə daha böyük hədəflər üçün möhkəm zəmin yaratdığını bildirib.
Avropa çempionatında Azərbaycan millisi 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq 43 ölkə arasında mükafatların əyarına görə ikinci, ümumi medal sayına görə isə birinci yeri tutub.