Milli komandamızın üzvü Mahir Emreli futbolinfo.az saytına müsahibə verib. Sportliqa.az xəbər verir ki, uzun müddət mətbuatdan qaçan, ətraflı açıqlama verməyən hücumçu Estoniya ilə görüşdən sonra əməkdaşımızla danışmağa vaxt tapıb. O, 2:0 hesablı qələbədən, eləcə də digər məsələlərdən danışıb.
– Tallində ilk hissə daha yaxşı alındı. Səbrlə, təmkinlə oynadıq. Rəqibi öncədən düzgün analiz etmişdik və üstün keyfiyyətlərini bilirdik. Çalışırdıq ki, onlar öz üstünlüklərindən istifadə edə bilməsinlər. İlk yarıda çox pressinq etmirdik. Bir də meydançanın vəziyyəti elə idi ki, hər iki komanda səhv edə bilərdi. Bəzi epizodlarda bunu görürdük. Qollarımız yaxşı alındı. Birinci qolda yaxşı hücum qurduq, ikinci qolda da Rahil hər şeyi düzgün etdi və nəticədə penalti qazandıq. Bütün komanda, ehtiyatdan meydana daxil olanlar da yaxşı çıxış etdi. Tər axıtdıq və qələbəyə layiq idik.
– Hesab daha böyük ola bilərdi?
– Daha çox qol vura bilərdik. Coşqun Diniyevin əla zərbəsi oldu, iki dəfə mən təhlükəli zərbə endirdim. Onlar da bəzi epizodlarda qol vura bilərdi. Amma dediyim kimi, bəzi anlarda meydança bizə mane olurdu. Çünki ot örtüyü yaxşı vəziyyətdə deyildi, bizim “Dalğa Arena”ya oxşayırdı. Tam olaraq istədiyin futbolu ortaya qoymaq mümkün deyildi. Buna baxmayaraq, top saxlamağa, oynamağa, hücumlar qurmağa çalışırdıq. Ümid edirəm ki, Avstriya ilə matçlarda da eynisini edəcəyik.
– Bakıda estonlara qarşı daha inamsız çıxış etmişdik. İki matç arasındakı fərq nə idi?
– Ümumiyyətlə, sistem olaraq fərqli oynadıq. Bakıda startda 4-3-3 taktiki sxemi ilə meydana çıxdıq. İkinci hissədə 5-4-1-ə keçdik və nəticədə qol vurduq. Tallində isə start olaraq meydana 5-3-2-1 sxemi ilə çıxdıq. Rəqib üçün də gözlənilməz oldu. Oyunun gedişində baxın, görəcəksiz ki, bəzi epizodlarda mən tamamilə boş dayanmışam, sərbəstəm. Topu götürüb rahat gedirəm, hücuma keçirəm. Bu, onlar üçün sürpriz oldu. Uşaqlar hamısı çox əziyyət çəkdi. Bilirdik ki, dişimizə görə rəqibdir və qələbə qazanmalıyıq. Hər kəsin beynində qələbə var idi. Uduzmaq, heç-heçə beynimizdə qətiyyən yox idi.
– AFFA-nın baş katibi Sərxan Hacıyev matçdan əvvəl onları qələbədən başqa heç bir nəticənin qane etməyəcəyini bldirmişdi. Bu, sizə necə təsir etdi?
– Açığı, oyunlardan öncə medianı oxumuram. Çünki bu mənə həm müsbət, həm də mənfi təsir edə bilər. İkisi də çaşqınlıq yaradır. Müsbət özündənrazılıq, mənfi isə pis aura yarada bilər. Buna görə uzaq durmağa çalışıram. Komanda olaraq da fikirmizdə yalnız qələbə idi. Baş katib bu cür düşünübsə, deməli, bizə inanıb. Yəni futbolçular, baş məşqçi daxil olmaqla hamı səfərdən 3 xalla qayıtmaq niyyətində idi.
– Komandanın hücum futbolu oynamalı olduğunu aylardır mətbuat da yazır, mütəxəssislər və azarkeşlər də deyir. Çünki hazırda hücum potensialımız güclü olan komandayıq. Razısan ki, bu gün 2 hücumçunun meydana çıxması həlledici rol oynadı və biz daha çox hücumameyilli oyun oynamalıyıq?
– Əlbəttə, sizinlə razıyam. Komandadakı 4 hücumçunun hər biri yaxşı yerlərdə top qovur, legioner həyatı yaşayır. Ramil Şeydayev artıq gənc deyil, təcrübəsi var. Düşünürəm ki, çox da müdafiəyə bel bağlamamlıyıq, hücumda oynamlıyıq. Biz hücuma çıxanda həm qol epizodu yaradırıq, həm də qol buraxmaq şansımız az olur. Müdafiəyə çəkiləndə isə qol epizodu yarada bilmirik.
– Avstriyadan Bakıda xal almaq mümkün görünür?
– Mən öz adıma danışmaq istəyərəm: heç bir rəqibin fərqi yoxdur. Bilirsiz, mənim oynadığım Zaqreb “Dinamo”sunda Xorvatiya, Şimali Makedoniya, Bosniya və Herseqovina yığmasının oyunçuları var. Onlar hər dəfə yığmadan qələbə, mən isə uduzub qayıdanda necə pis olduğumu təsəvvür edin. Ona görə kimnlə oynamağın fərqi yoxdur, həmişə qələbə arzulamışam. Məsələn, Belçika ilə matçdan danışa bilərik ki, yaxşı oynadıq, bir xal qazana bilərdik. Niyə üç xal yox? Ən azından bizdə bu mentalitet olmalıdır. Keyfiyyət baxımından bizdən yüksək ola bilərlər, böyük oyunçuları var. Buna bir söz demirəm. Amma indiki futbolda hər şey mümkündür. Xal, qələbə qazana bilərik.
– Millinin oyunlarına görə yaranan fasilədən əvvəlki həftəsonu bizim futbolçular üçün uğurlu oldu. Coşqun Diniyev qol vurmuşdu, Renat Dadaşov Türkiyə Superliqasında dubl etdi, sən qol ötürməsi ilə yadda qaldın. Bütün bunlar sizə yığmanın oyunu öncəsi motivasiya verdi?
– Milliyə gəlmək, milli futbolçu olmaq özü bir motivasiyadır. Hər bir futbolçu üçün bu plyusdur. Milli komandaya gəlmək bizə üstünlük qazandırır, klubda da baş məşqçilər yığmada oynayanlara başqa cür yanaşır. Beynəlxalaq təcrübə qazanırıq, bu oyunlar bizim üçün vacibdir. Yaxşı formada milliyə gələndə pozitivlik olur. Amma istənilən halda bura gələn hər kəs ən yaxşısını göstərməlidir.
– Sıx qrafikdə oynayırsan. Milli komanda ilə səfər oyununda iştirak etdin, Bakıda daha bir oyun, ondan sonra qayıdıb çempionatı matçına çıxacaqsan. Daha sonra “Dinamo” ilə avrokubok oyunu var. Bu cür qrafik sənə necə təsir edir?
– Çox ağır qrafikdir. Düşünün ki, hələ qarşıda Konfrans Liqasının 3-cü turunda “Astana” ilə oyun üçün səfər matçına yollanacağıq. 7 saatlıq uçuş var. Amma illərdir ki, bu cürdür hər şey və öyrəşmişəm. Yorğunçuluq olur, amma bu, bəhanə deyil. Tez zamanda bərpa olmaq və oyunlara hazırlaşmaq lazımdır. Çətinlik var, amma bir tərəfdən də düşünürəm ki, yanvara cəmi iki ay qalıb. Bir də bilirsiz, qələbə qazananda növbəti matça hazırlaşmaq daha asan olur. Məsələn, indi Avstriya ilə matça rahat hazırlaşacağıq. Beyindəki pozitivlik yorğunluğun qarşısını alır. Məğlub olanda isə psixoloji cəhətdən sıxılırsan və çətin hazırlaşırsan. Belçika ilə matçda biz qalib də gələ bilərdik, 10-15 dəqiqə onları sıxmışdıq, müdafiədən çıxmaqda çətinlik çəkirdilər. Bəlkə də qalib gəlsəydik, İordaniya ilə oyuna yaxşı başlayardıq, qol buraxmazdıq.
– Zaqreb “Dinamo”sunda heç də pis mövsüm keçirmirsən. Ordakı ümumi durum necədir?
– Şans verildikcə bundan yararlanmağa çalışacam. İndi daha çox liqaya köklənmişik, çünki çempionatda mövsümə yaxşı başlamamışdıq. Şükür ki, vəziyyəti düzəldə bildik. Paralel olaraq Konfrans Liqasında oynayırıq. Niyyətimiz əsas çempionatda yaxşı oynamaq, sonra isə Konfrans Liqasında qrupdan çıxmaqdır.
– Konfrans Liqasında “Balkani”yə gözlənilməz şəkildə uduzdunuz, qarşıda isə bu mövsüm 3-cü dəfə qarşılaşacağınız “Astana” ilə oyun var…
– “Balkani”yə gözlənilmədən uduzduq və həmin oyunda heç nə alınmadı. Amma həmin məğlubiyyətdən dərs çıxardıq, “İstra” ilə matçda 3:0 hesablı qələbə qazandıq. “Astana” ilə çətin oyun olacaq. Üstəlik, bir neçə zədəli oyunçumuz var idi. Hamısı vacib futbolçular idi. Milli fasilədən sonra heyətə dönəcəklər.
– Zaman-zaman haqqında transfer xəbərləri çıxır. Rusiyadan, Türkiyədən klubların səni istədiyi bildirilir…
– Normaldır, təkliflər olur. Bir neçə dəfə başqa klublar təklif göndəriblər. Amma mən oturub onlara baxmıram, bütün fikrim “Dinamo”dadır. Təklif məsələsinə menecerim baxır, müzakirə edirik. Sonda seçim edən mən oluram.