Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir.
Sportliqa.az xəbər verir ki, növbəti tədbir bu gün Göyçayda baş tutub. Gənclər evində təşkil edilən seminarda ətraf bölgənin 80-dən artıq güləş məşqçisi iştirak edib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov məşqlərin bölgüsündən, taktiki hazırlıqdan danışmaqla yanaşı, güləşçilərə yüksək mənəvi keyfiyyətləri aşılamağın, onları vətənpərvər kimi yetişdirməyin vacib olduğunu xüsusi qeyd edib. Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov fiziki hazırlıq üzrə məşqlərə və texnika üzərində çalışmalara diqqəti yönəldib. Qeyd edib ki, güləşçilərin vitaminlər və müxtəlif dərmanlardan istifadəsinə ciddi nəzarət edilməlidir. Sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi Vahid Məmmədov bildirib ki, fəndlərin mükəmməl icrası üçün məşqlərdə elementləri dəfələrlə təkrarlamaq lazımdır. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev mürəkkəb vəziyyətlərdə verilən qərarlar və yarış protokolları haqqında informasiya verib.
Seminarın praktiki hissəsində London Olimpiadasının bürünc medalçısı, yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Emin Əhmədov funksional hazırlığın önəmindən, fəndlərin icrası zamanı buraxılan səhvlərdən danışıb. I-S kateqoriyalı hakim Sədi Quliyev parter, rəqibi bloklama və xalçadan kənara çıxarkən edilən fəndlərin qiymətləndirilməsindən bəhs edib.
Seminar boyunca AGF nümayəndələri məşqçilərin suallarını cavablandırıb, irad və təkliflər müzakirə olunub. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.
Sabah seminar Sabirabadda keçiriləcək.