Mövsümün əvvəlində heyət baxımından ən zəif komanda kimi görünən “Kəpəz” 11 turdan sonra 6 xalla Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Yeganə qələbəsini 1-ci turda “Neftçi” üzərində qazanan Gəncə təmsilçisi digər 3 xalı “Qarabağ”, “Sabah” və “Zirə” ilə bərabərə qalmaqla əldə edib.
Baş məşqçi Azər Məmmədovun yetirmələri son turda səfərdə “Turan Tovuz”a 0:4 hesabı ilə məğlub olublar. Gəncəli azarkeşlərin bir qismi problemləri rəhbərlikdə, bir qismi isə baş məşqçidə görür.
Sportliqa.az Azər Məmmədovun Report.az saytına müsahibəsini diqqətinizə çatdırır. Mütəxəssis həm bu məsələlərə aydınlıq gətirib, həm də uğursuz çıxışın səbəblərini izah edib.
- Premyer Liqanın XI turunda “Turan Tovuz”a böyük fərqlə məğlub oldunuz. 0:4 hesabı ilə uduzmağınızın əsas səbəbini nədə görürsünüz?
- Məğlubiyyət həm mənə, həm azarkeşlərə, həm də rəhbərliyə çox pis təsir edir. Əslində, elə də zəif oynamadıq. Xüsusən də birinci hissəni yaxşı keçirdik. Düşünürəm ki, hesab oyuna görə olmadı. Qərb derbisində məğlub olmağımız daha çox təsir edib. Yenə də “Kəpəz”i Premyer Liqada saxlamaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu həm azarkeşlərin, həm də mənim ən böyük istəyimdir.
- Oyunun sonlarında gəncəli azarkeşlər tribunaları tərk etməyə başladılar və matçın ardından futbolçularla dialoq oldu. Orada nələr danışıldı?
- Açığı, görüş başa çatan kimi paltardəyişmə otağına yollandığım üçün bunları görməmişəm. Bu barədə mənə məlumat da verilməyib. Ancaq azarkeşlərin oyunumuzu yarımçıq qoyub getmələrinə də haqq qazandırıram.
- Bu mövsüm “Neftçi”, “Qarabağ”, “Sabah” və “Zirə”dən xal alsanız da, digərlərinə uduzmusunuz. Bunu necə izah edə bilərsiniz?
- Düzdür, adlarını sadaladığınız komandalardan xal almışıq. Ancaq turnir cədvəlində qonşu mövqedə qərarlaşan rəqiblərimizə məğlub olmuşuq. Digərlərindən xal alıb, büdrətdiyimiz komandalara uduzsaydıq, daha yaxşı olardı. Çünki Premyer Liqada qalmaq uğrunda rəqiblərimiz nə “Neftçi”, nə “Qarabağ”, nə “Sabah”, nə də “Zirə”dir.
- Hazırda bütün oxlar sizin üzərinizə yönəlib. “Kəpəz”də baş məşqçi dəyişərsə, komanda uğurlu çıxış etməyə başlayacaq?
- Burada olduğum müddətdə bütün məsuliyyəti üzərimə götürürəm. Komandanın vəziyyətinin yaxşı olmasını hamıdan çox istəyirəm. Bu gün mənim gedişim “Kəpəz”ə xeyir verəcəksə, bu addımı atmaqdan çəkinmərəm. Bunun özü də bir mədəniyyətdir. Ancaq klubun rəhbərliyi var. Onlarla da söhbətimiz olub. Bizə müəyyən qədər vaxt lazımdır. Məqsədimiz bizdən yuxarıda olan komandalarla fərqin qış fasiləsinə qədər artmasına mane olmaqdır. Hətta kimisə turnir cədvəlində qabaqlamağa çalışacağıq ki, ikinci yarıda elitada qalmaq uğrunda mübarizəni davam etdirək.
- Belə çıxır ki, sizə qış fasiləsinə qədər vaxt verilib?
- Rəhbərliklə hər gün görüşürəm. Bu elə məsələdir ki, onlarla mütəmadi dialoqumuz olur. İdarə Heyətinin sədri İlqar Nadiri “Kəpəz” üçün ən yaxşısını etməyə çalışır. Komandamızın uğurlu çıxışı üçün söhbətlər edirik. Görürsən ki, komandaya xeyrindən çox ziyanın dəyir, o zaman lazım olan addımı atmalısan. Burada da lazım olsa, “Kəpəz”in xeyri üçün bu addımı atmağa hazıram. Ümid edirəm ki, buna ehtiyac olmaz.
- Ev oyunlarını artıq Gəncədə deyil, Tovuzda keçirirsiniz. Xalların hava-su kimi lazım olduğu bir vaxtda rəqiblərinizi neytral meydanda qəbul etmək işinizi daha da çətinləşdirmir?
- Bilirsiniz ki, digər klublarla müqayisədə maddi baxımdan çətinliklərimiz var. Daha keyfiyyətli futbolçu seçə bilmək üçün də maliyyə durumu yaxşı olmalıdır. Bununla yanaşı, ev oyunlarını Gəncədə keçirməməyimiz təsirsiz ötüşmür. Doğma azarkeşlərin qarşısında oynamamağın mənfi təsirləri var. Ancaq stadionun yenilənməsi bizdən asılı deyil. Belədə ev matçlarını haradasa keçirməli və bununla barışmalıyıq. Gəncə kimi, Tovuzun da bizə düşərli olmasına çalışacağıq.