“Neftçi”nin futbolçusu Azər Əliyev “Zenit”lə yoxlama görüşü öncəsi Rusiyanın “Match TV” kanalına müsahibə verib.
Sportliqa.az xəbər verir ki, 2018-2020-ci illərdə və 2021-22 mövsümündə Rusiyanın “Ufa” klubunda çıxış etmiş 29 yaşlı yarımmüdafiəçi sankt-peterburqlularla qarşılaşmağın ona həmişə maraqlı olduğunu bildirib.
– “Zenit”lə oyundan nə gözləyirsiniz?
– “Zenit”lə qarşıdakı matçdan yaxşı gözləntilərim var. Güclü rəqibə qarşı oynamaq həmişə xoşdur. “Zenit” Çempionlar Liqası səviyyəsində olan komandadır. Rusiya Premyer Liqasında çıxış etdiyim vaxtlarda bu komandaya qarşı oynamaq həmişə maraqlı gəlirdi.
– “Neftçi”nin Sankt-Peterburq səfərindən sonra “Zenit”in indi Bakıya gəlməsini necə qiymətləndirirsiniz?
– Bu, hər iki komanda üçün yaxşıdır. “Zenit” üçün bu, xarici klublarla oynamaq, bizim üçün isə güclü rəqiblə qarşılaşmaq deməkdir. Yayda Sankt-Peterburqda mövsümöncəsi yaxşı turnirdə iştirak etdik. Klubların bu istiqamətdə əməkdaşlıq etmələri yaxşı haldır.
– “Zenit”i stadionda nə gözləyir?
– Ümid edirəm ki, mümkün qədər çox azarkeş gələcək və onlar oyundan həzz alacaqlar.
– “Zenit”dəki dostlarınızdan hansını görməkdən məmnun olarsınız?
– Danya Kruqov və Uilyam Oliveyra ilə “Ufa”da bir yerdə olmuşam. Andrey Mostovoyu görməyə çox şad olardım. Amma o, millidədir. Ümumiyyətlə, əksər oyunçulara qarşı çıxış etmişəm. Onlarla yenidən görüşməyə şad olaram.