Qara Qarayev müasir Azərbaycan futbolunun ən yaxşı futbolçularından biridir.
Qara mənə görə həm də vətənini sevən, ona bağlı olan insandır. Dəyərli və mərd insan kimi ona böyük hörmət bəsləyirəm.
Bəlkə də daha gənc yaşlarda Avropada topa qova bilərdi, amma qarabağlı kimi “Qarabağ”ın böyük uğurlarında iştirakçı olmaqla yanaşı, komandanın ən vacib fiquru oldu.
Min zəhmətlə futbolda addımlayan, çətin yollardan keçən Qara 20 yaşında əsas millimizdə debüt edib və uzun illər fasiləsiz yığmamızın vazkeçilməz siması olub… Canni De Byazinin gəlişinə qədər…
İtaliyalı mütəxəssisin millinin baş məşqçisi təyin olunduğu ilk vaxtlarda Qara Qarayevi hələ milliyə dəvət edirdi… Lakin bir müddət sonra onu sərəncamında görmək istəmədi və səbəb kimi boyunun qısa olmasını əsas gətirdi…
Baxmayaraq ki, həmin mövqeyə Qaradan da boyu balaca olan futbolçu dəvət alıb…
Qara bu müddət ərzində öz ləyaqətini nümayiş etdirdi, baş məşqçinin seçimini müzakirəyə çıxarmadı. Bu müddətdə bəziləri onun barəsində cəmiyyətdə mənfi obraz formalaşdırmağa cəhd edirdi, əllərinə yaxşı fürsət düşmüşdü axı...
Heç bir əsas gətirilmədən millidən uzaqlaşdırılsa da, Qara ağlından yıxılmağı keçirmədi, ayaq üstə qaldı, gücünü göstərdi...
Bu gün Canni De Byazi “Qafqazinfo”ya müsahibəsində təqdim etdiyi videoda Qara Qarayevin millinin vurduğu qola sevinmədiyini bildirir... Bu, necə baş verə bilər ki, Qara həmin videoda görünmür? Cəmi 7-8 nəfər var və belə çıxır ki, həmin futbolçulardan başqa kimsə sevinməyib?
Dünən deyirdi ki, boyu balacadı, çağırmıram. Bu gün isə başqa fikirlər səsləndirir...
Bu o De Byazidir ki, özü ilə gətirdiyi köməkçisi Benito Karbone ilə dava elədi. Əfsanəvi futbolçu olmuş Karbone bu adamın əlindən burada qala bilmədi. Baxmayaraq ki, AFFA-da həmin qalmaqalı ört-basdır elədilər.
Qara heç vaxt bəhanələr arxasında gizlənməyib, zəif oynadığı oyundan sonra səhvlərini etiraf etmək cəsarətinə sahib olan ruhdadır. Hər zaman lider olub, öndə dayanıb, komandanı çiynində daşımağı özünə borc bilib.
Canni De Byazi ilə Arif Əsədov onun illərini oğurlamasaydı, Qaranın millidəki oyunlarının sayı 100-ə yaxınlaşacaqdı.
Xeyirlisi... Belə hallar Qaranı daha da gücləndirir, sındırmır... Zaman gələcək və Qara da millidəki karyerasını bitirəcək, layiq olduğu şəkildə...
Biz isə hər zaman vətənpərvər, nümunəvi, lider və xarizmatik kapitanı minnətdarlıqla xatırlayacağıq.
Nəsimi