Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqası çərçivəsində bu gün “Dalğa Arena”da Farer adalarına qalib gəlib.
Sportliqa.az xəbər verir ki, yığmamızın çalışdırıcısı Siyasət Əsgərov matç haqda fikirlərini bildirib:
"Əvvəlki oyunda qrup liderliyini təmin etmişdik. Kipr millisi ilə qarşılaşmadan sonra futbolçuları oyuna kökləmək bir qədər çətin idi. Rəqibin də ötən matç böyükhesablı məğlub olması bizimlə oyuna daha ciddi yanaşmasına səbəb olmuşdu. Belə demək mümkünsə, daha çox müdafiə olunaraq əks-hücumlarda qol vurmağa çalışırdı. İlk hissə bizim üçün çətin oldu. Baxmayaraq ki, qol vurmaq üçün bir neçə imkanımız vardı. Fasilədən sonra istədiyimiz oyun planını qurub qələbə qolunu vura bildik. Qrupda 5 qələbə qazanıb, 1 heç-heçə etdik. Əldə olunan nəticələrə görə komandanın hər bir üzvünə təşəkkür edirəm. Bu uğurlu nəticənin davamını gətirməyə çalışacağıq. Bizi B Liqasında daha çətin rəqiblər, daha çətin oyunlar gözləyir. B Liqasındakı oyunlara da ciddi yanaşıb maksimum nəticə qazanmaq istəyirik".