Milli komandamızın baş məşqçi postuna namizədlərin geniş siyahısı var. Az qala hər gün mətbuata bir nəfərin adı sızır.
Təəssüf ki, yenə də namizədlər yalnız əcnəbilərdir. Görünür, AFFA rəhbərliyi dəyişməyənə kimi əcnəbi sevdası bitməyəcək. Assosiasiya rəsmiləri futbol ictimaiyyətinin, azarkeşlərin istəklərini nəzərə alıb sözügedən postu yerli mütəxəssisə tapşıracağını açıqlamadığından, menecerlər də yalnız legionerlərin dosyesini AFFA-ya göndərir.
Canni de Byazinin istefaya göndərilməsindən bu yana xeyli mütəxəssisin namizədliyi irəli sürülüb. “Futbolinfo” da dünən Vladimir Vayssın millimizin baş məşqçi postuna namizədliyinin irəli sürüldüyünü yazmışdı. Bu gün isə daha bir mütəxəssislə bağlı xəbər almışıq. Çox etibarlı mənbənin məlumatına görə, AFFA-ya İlhan Palutun xidməti təklif olunub.
Ad cəlbedici görünməsə də, digər namizədlərlə müqayisədə Palutun təyinatı daha mümkün variantdır. AFFA-da bəzi mütərəqqi qüvvələr yerli məşqçinin, ən pis halda yaxın coğrafiyadan olan, mentalitetimizə yaxın, gənc, perspektivli əcnəbinin yığmanın başına gətirilməsinə çalışır. Bu haqda baş katib Sərxan Hacıyev də müsahibəsi zamanı danışmışdı. Bu üzdən türkiyəli məşqçinin namizədliyi hazırda AFFA-da daha çox müzakirə olunur.
İlhan bəy hazırda “Çaykur Rizəspor”a rəhbərlik edir. Ötən ilin iyununda bu komandaya gələn mütəxəssisin cari mövsümün sonunadək müqaviləsi var. “Hatayspor”, “Göztəpə”, “Konyaspor” kimi klublarda işləmiş, son 7 ili boş keçirməmiş 47 yaşlı mütəxəssis hazırda Türkiyədə ən populyar məşqçilərdəndir.
Futbolinfo.az