Vaxtilə Azərbaycanda “Qəbələ”, daha sonra isə “Neftçi”nin heyətində parlaq oyunu ilə adından söz etdirən Baqali Dabo hazırda işsizdir. 35 yaşlı futbolçu yayda Kipr “Apollon”undan (Limassol) ayrılıb.
Sportliqa.az ölkəmizdə çıxış etdiyi dönəmdə vurduğu 60 qolla yadda qalan hücumçunun sportinfo.az saytına müsahibəsini diqqətinizə çatdırır:
- Necəsən? İşlərin necə gedir?
- Parisdəyəm. Evdə oturub bilgisayarımla məşğul oluram.
- “Apollon”dan ayrılandan sonra futbolsuz qalmısan deyəsən.
- Hələ ki, sərbəstəm. Görək bu ayın sonuna qədər nə olacaq.
- Təkliflər var?
- 2-3 variant var, onları nəzərdən keçirirəm. Açığı, Fransada qalmaq fikrim yoxdur. Ölkə xaricindən futbol oynamaq, davam etmək istəyirəm. Maraqlı variant olsa dəyərləndirəcəyəm.
- Azərbaycana qayıtmaq?
- Niyə də yox!? (gülür)
- 2020-ci ildə “Neftçi”dən ayrılandan sonra klublarımızdan zəng edib maraqlananlar olub?
- Yayda bir nəfər yazmışdı. Azərbaycana qayıtmaq istəyib-istəmədiyimi soruşdu. Qısa dialoqumuz oldu, sonradan həmin adamdan səs çıxmadı.
- Əvvəlki sürətli, cüssəli Dabodan əsər-əlamət qalıb?
- Azərbaycana gələndə 28 yaşım vardı, ayrılanda 32. Ən parlaq çağlarım idi. İndi 35 yaşım var. Desəm ki, eyni gücdəyəm, eyni sürətə sahibəm, mənə gülərlər. İstər-istəməz yaş özünü göstərir. Amma futbolçu üçün vacib olan təcrübə və keyfiyyətdir ki, onlar heç vaxt itmir. Oynasam, bəlkə də əvvəlkindən daha faydalı olaram, bunu bilmək olmaz. O qədər futbolçular olub ki, 33-35 yaşında əvvəlki dönəmlərdən daha yaxşı görünüblər. Hər şey necə hazırlıq keçməkdən və meydanda ətrafında necə futbolçuların olmasından asılıdır. Sizə bir söz deyim.
- Buyur.
- Futbol oynadığım vaxtlarda ortalama çəkim 82-83 olurdu. O gün tərəziyə çıxdım, 74 kiloya düşmüşəm. Bir qram da artıq çəkim yoxdur, əksinə, arıqlamışam. 2-3 həftə məşq etsəm, əzələ yığıb yenə standart çəkimə qayıdacağam - 80-82 kilo olacağam.
- Karyeranın 4 illik Azərbaycan səhifəsini necə xatırlayırsan?
- “Neftçi”dəki ikinci mövsümü çıxsaq, hər şey əla idi. Həm zədələnməyim, həm də koronavirus pandemiyası böyük problemlər yaratdı. Əvvəlki 3 ili karyeramın ən parlaq dönəmləri kimi xatırlayıram. “Qəbələ”dəki ilk ilim yadınızdadır? Avropa Liqasının qrup mərhələsinə yüksəldik və möhtəşəm oyunlarımız oldu. Növbəti il qrup mərhələsinə vəsiqə qazana bilməsək də, kubokun finalında oynadıq, mövsümü ikinci pillədə başa vurduq, Premyer Liqanın bombardiri oldum.
- “Neftçi”dəki ilk mövsümün?
- Əla idi. “Qarabağ”la çempionluq yolunda sona qədər mübarizə apardıq. Sona 3 tur qalmışa qədər “Qarabağ”la aramızda cəmi 3 xal fərq var idi. və sonuncu turda öz aramızda oynayacaqdıq. Ölkədə hamı bunu çempionluq oyunu kimi qəbul edirdi. Lakin 26-cı turda “Bakcell Arena”da “Sumqayıt”a uduzmaqla əla şansı əldən verdik. Həmin mövsümdə səhv etmirəmsə 14 qol vurmaqla yenə bombardirlər sırasında yer almışdım.
- Növbəti mövsümdə nə baş verdi? “Neftçi”ni tərk etməyinin kökündə nə dayanırdı?
- Düzünü desəm, mən qalmaq istəyirdim. Hətta düşünürdüm ki, Azərbaycanda bir neçə il oynayıb karyeramı orada başa vuraram. Çünki hər şey ürəyimcə idi. Sakit ölkə, mehriban insanlar, xanımımla birlikdə sevilirdik. Ancaq hiss edirdim ki, “Neftçi” mənimlə yeni müqavilə bağlamaqda maraqlı deyil. Bu da aldığım zədəyə görə idi. Düşünürdülər ki, zədəm ciddi deyil, oynamamaq üçün edirəm. Həmin anlarda özümə qarşı soyuqluq görürdüm. Zədəmi sağaldandan sonra güc yığdım və yenidən qolları sıralamağa başladım. Gördüm ki, yeni müqavilə üçün həvəslidirlər. Bu dəfə mən istəmədim.
- “Neftçi”nin şərəfini qoruyanda sanki “Qarabağ”da oynamağa can atırdın. Kənardan belə görünürdü nədənsə.
- Xeyr-xeyr. Bu, heç bir halda həqiqəti əks etdirmir. Mən sizə xarakterimi deyim. Elə insanam ki, mənə əl tutan, mənə çörək verən adama heç vaxt arxa çevirmirəm. Bu, mənə yaddır. “Qarabağ”ın hansı səviyyədə olduğunu bütün Azərbaycan bilir. İstər “Qəbələ”də, istərsə də “Neftçi”də oynayanda “Qarabağ”la matçlarda meydanda canımı qoymuşam, qələbə qazanmağımız üçün hər şey etmişəm.
- Bunu “Qarabağ”ın baş məşqçisinin diqqətini çəkmək üçün də edə bilərdin.
- “Qarabağ”da oynamaq hər bir futbolçunun arzusudur. Elə bir futbolçu tapa bilmərsiniz ki, “Qarabağ”da oynamaqda maraqlı olmadığını desin. Mən, sadəcə, şərəfini qoruduğum komandanın uğurunu və qələbəsini düşünmüşəm. Bu o demək deyil ki, ürəyim “Qarabağ”ın yanında idi. Niyyətim “Qarabağ”ın bizi üstələməsinə imkan verməmək olub
- “Neftçi”nin futbolçusu ola-ola “instagram”da “Qarabağ”ın futbolkasında paylaşılan fotonun izahı nədir?
- Onu xanımım paylaşmışdı. Necə baş verdiyini də deyə bilərəm.
- Buyur...
- Həmin dövrdə koronavirus pandemiyası yaşanırdı. Hər yer qapanmışdı, qadağalar var idi. Çempionatın davam edib-etməyəcəyi bilinmirdi. Mən isə formada qalmaq üçün “Port Baku”da fərdi məşqlər edirdim. Məşq edəndə növbə ilə “Zirə”nin, “Sumqayıt”ın və “Qarabağ”ın futbolkalarını geyinirdim. Onları mənə həmin komandalardakı dostlarım vermişdi. Və həmin gün məşq edəndə “Qarabağ”ın futbolkasında idim.
- “Qarabağ”ın formasını kimdən almışdın?
- Dino Ndlovudan.
- Aha, davam edək.
- Məşq edib evə qayıdandan sonra yorğunluğumu çıxarmaq üçün eyvanda əyləşmişdim. Həmin an xanımım zarafat üçün “Qarabağ” formasındakı şəklimi çəkdi. Hər kəs bilir ki, həyat yoldaşım “Qarabağ” azarkeşidir, bu komandanı çox sevir. Hətta Azərbaycana ilk gəldiyimiz dönəmlərdə - mən “Qəbələ”də oynayanda deyirdi ki, “Qarabağ”ın oyun üslubu xoşuma gəlir, zövq alıram. Çünki futbolu yaxından izləyir, bu oyun haqda məlumatlıdır.
- “Qarabağ”ın formasını geyinməyini, xanımının zarafat üçün şəklini çəkdiyini anladıq. Bəs, həmin fotonu “instagram”da paylaşmağın kökündə nə dayanırdı?
- Heç nə, qəti şəkildə heç nə. Açığı, həmin şəklin paylaşılmasından da xəbərim yox idi. Sonra özü mənə dedi ki, həmin fotonun bu cür səs-küy doğuracağını düşünmədim. Təsəvvür edin, məşqdən sonra duş alıb yatmağa getmişdim və “Neftçi”dən gələn zəngə oyandım. Çaşıb qaldım ki, söhbət hansı formadan, hansı şəkildən gedir. Həyat yoldaşımın paylaşımından gələn zəng zamanı xəbər tutdum.
- Məlum olaydan sonra “Neftçi”dən ayrılmağın heç də asan olmamışdı. Səhv etmirəmsə, klub səndən, sən də klubdan şikayət etmişdiniz.
- Hə, aramızda müəyyən narazılıqlar olmuşdu.
- “Neftçi” sənə borclu olduğu məbləği ödədi?
- Xeyr. İndiyə qədər də ödənilməyib.
- Nə qədər pul idi?
- 75 min dollarımı vermədilər.
- Niyə ödəmədilər? Səbəb kimi nəyi göstərirdilər?
- Guya “Qarabağ” formasında şəkil çəkdirməyim kluba və azarkeşlərə hörmətsizlikdir. Halbuki, fotonu mən paylaşmamışdım, xanımım etmişdi. Amma bu, bir bəhanə idi. Sadəcə, “Neftçi”də bəzi adamlar mənə ödəniş olunmasında maraqlı deyildi. Nə isə, uzun söhbətdir. Bundan sonra danışmaqla heç nə dəyişməyəcək.
- O vaxtdan sonra Bakıya gəlməmisən?
- Son 3 ildə “Apollon”da ilboyu gərgin qrafikdə oynayırdım. Açığı, heç cür vaxt tapa bilmirdim. Hətta xanımım anası ilə birlikdə Bakıya gedəndə mənim onlara qoşulmaq imkanım olmadı. Özləri gedib-qayıtdılar.
- 2 il “Qəbələ”də, 2 il “Neftçi”də oynamısan. Hansı klub-komandanın qəlbində xüsusi yeri var?
- Hərəsinin öz yeri var. Ümumi danışa bilmərəm, ayrı-ayrı epizodlar yadımdadır. Məsələn, “Qəbələ”də məni ən çox xoşbəxt edən Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız olmuşdu. “Maribor”u Bakıda məğlub etsək də, səfərdə 0:1 uduzmuşduq. Buna baxmayaraq, hədəfə çatmışdıq. Təsəvvür edin, uduzmuşuq, amma hər kəs sevinir. Qeyri-adi hislər idi. O anda diqqətimi bilirsiniz nə çəkmişdi?
- Nə?
- Premyer Liqada rəqiblərimiz olan digər klublarda çalışanların “Qəbələ” rəsmilərinə zəng vurub təbrik etməsi. Sonradan başa düşdüm ki, hansısa Azərbaycan təmsilçisi avrokuboklarda çıxış edəndə, təkcə öz azarkeşləri yox, bütün ölkə bu komandanı dəstəkləyir. “Qəbələ” rəqiblərini Qəbələdə yox, Bakıda qəbul edirdi, amma “Bakcell Arena” dolurdu. Bəlkə də o qədər adamdan ən yaxşı halda 2-3 min nəfəri qəbələlilər idi. Digərləri “Qarabağ”ın, “Neftçi”nin, yaxud “Sabah”ın fanatları. Bütün ölkənin avrokuboklarda çıxış edən komandaları dəstəkləməsi qəribə gəlirdi mənə. Bu görüntü mənim üçün o an özəl idi. Bəlkə də dünyanın heç yerində bu cür birlik, dostluq görmək mümkün deyil.
- Bəs, “Neftçi”dəki sevincli an və ya anlar?
- “Qarabağ”ı “Bakcell Arena”da 3:1 məğlub etməyimiz. Hə, bir də Rusiya Premyer Liqasının təmsilçisi “Arsenal”ı Tulada udmağımız. Düzdür, bu oyunda meydana çıxmamışdım, amma komandanın içindəydim. O anda komandanın daxilindəki ab-havanı sözlərlə ifadə edə bilmirəm.
- Azərbaycan çempionatını diqqətdə saxlayırsan?
- Desəm ki, oyunların hamısına baxıram, yalan olar. Amma hər həftə nəticələrlə maraqlanıram, turnir cədvəlini gözdən keçirirəm. “Qarabağ” həmişəki kimidir, rəqiblərinə aman vermir (gülür). “Zirə” də yaxşı başlayıb, iddialı olduqları görünür. Sizə deyim, çempionatın sonuna yaxın lap maraqlı olacaq.
- Deməli, vəziyyət həminki kimidir, təəccüblü heç nə yoxdur?
- Təəccübləndiyim “Turan Tovuz”un və Premyer Liqaya bu il yüksələn komandanın (“Araz-Naxçıvan”ı nəzərdə tutur – H.) turnir cədvəlinin orta sıralarında qərarlaşması, sürpriz nəticələrlə yadda qalmasıdır. Gizlətmirəm, “Sumqayıt”ın nəticələrini də təəccüblə qarşılayıram. Onlar da medal həvəsində olduqlarını göstərirlər.
- “Qəbələ”?
- Təbii ki, ən böyük şok “Qəbələ”nin sonuncu pillədə olmaısıdır. Əslində, çox yaxşı komandaları var. Yayda “Omoniya” ilə Qəbələdəki ilk görüşü “CBC Sport”dan canlı izləmişdim. Dedim, əla komandadır, bunları saxlamaq çətin olacaq. Məzmunlu və istəkli futbol nümayiş etdirmişdilər. Düşünürdüm ki, avrokubok mübarizəsini dayandırandan sonra çempionatda daha təhlükəli görünəcəklər. Amma əksi yaşandı. Nə baş verdiyini bilməsəm də, “Qəbələ”nin halına üzülürəm. Ümid edirəm ki, yeni ildən nəticələri yaxşılaşacaq. Çox yaxşı futbolçuları, bacarıqlı baş məşqçiləri, ürəyi “Qəbələ” ilə döyünən idarəçiləri var.