“Qarabağ”ın vingeri Abdullah Zubir müsahibə verib.
Sportliqa.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada keçirilən ilk matçda “Braqa”nın qapısına 2 qol vuran fransalı legioner əldə olunan 4:2 hesablı qələbədən danışıb.
- Yorğunluqla sevinc - ikisi bir arada cəmlənib deyəsən.
- Eynən (gülür). Yorğunluq da var, xoşbəxtlik də. Çox yaxşı performans nümayiş etdirməklə layiqli qələbə qazandıq. Bu, hər şey demək deyil. Qarşıda bizi daha çətin cavab qarşılaşması gözləyir. Ciddi hazırlaşmalı, diqqətli olmalıyıq.
- Oyundan əvvəl kimsə sənə 2 qol vuracağını desəydi, cavabın necə olardı?
- Qeyri-adi heç nə etmədim. Sadəcə, özümü tam şəkildə oyuna kökləmişdim, “Qarabağ”a kömək etmək istəyirdim. Bu, tək mənim yox, komandanın zəhmətinin nəticəsidir. Çalışdıq, döyüşdük, yekunda istəyimizə çatdıq.
- “Braqa”nı bu hala salmaq üçün xüsusi nə etdiniz?
- Məşqçilər heyəti rəqibi təhlil edib tapşırıqlarını vermişdi. Biz də həmin tapşırıqları meydanda yerinə yetirdik. Qol imkanlarından maksimum yararlanmağımız da xoş hal oldu.
- Oyundan sonra “Braqa”lıların sizə münasibəti necəydi?
- Qeyri-adi heç nə etmədilər.
- Son dəqiqələrdə Nəriman Axundzadə 5-ci qolu vura bilməyəndə nə hislər keçirdin? Əsəbləşdin, yoxsa əksinə, ona dəstək verdin?
- Nəriman öz üzərində çalışan çox yaxşı futbolçudur. Hələ gəncdir, 19 yaşı var. O da qol vurmaq istəyirdi. Bəlkə də təcrübəsi çatmadı. Təbii ki, ona dəstək verdim. İnşallah, avrokuboklarda çox qollar vuracaq, buna əminəm.
- “Braqa” 2016-cı ildən bu yana avrokuboklarda doğma meydanda öz qapısından 4 top buraxmamışdı. Bunu nə “Real Madrid” bacarmışdı, nə “Mançester Yunayted”, nə “Arsenal”, nə də digərləri.
- Açığı, bunu bilmirdim. Maraqlı faktdır, indi sizdən eşidirəm. Bunu biz bacarmışıqsa, xoşbəxtəm. İstənilən halda arxayınlaşmamalıyıq. Bizi güclü rəqiblə daha bir oyun gözləyir.
sportinfo.az