AFFA-nın baş katibi Sərxan Hacıyev deyib ki, millimizin üzvlərinə Monqolustan (1:0) və Bolqarıstan (1:1) oyunlarına görə mükafat ödəniləcək. Məbləğ açıqlanmasa da, yəqin ki, hər futbolçuya 10 min manat, bəlkə də daha çox pul veriləcək.
Azərbaycan futbolu böyük bəlanın içindədir. Əslində, problemlər o qədər çoxdur ki, sadalamaqla bitməyəcək. Ən dəhşətlisi isə bizim kimi adamlarla AFFA-da rəhbər postda əyləşənlər arasındakı zehniyyət uçurumudur. O qədər fərqli düşünür, məsələlərə o qədər fərqli baxırıq ki, bir-birimizi anlamağımız inandırıcı deyil. Bizim üçün doğru olan onlar üçün yanlışdır və ya əksinə.
Axı, yoldaşlıq oyunlarına görə futbolçulara mükafat vermək nə qədər doğrudur... Milli komandada çıxış etmək hər bir futbolçu üçün mənəvi borc anlamı daşımalıdır. Bu, vətən uğrunda savaşmaq kimi qəbul olunmalıdır. Milli üzvlərinə ən yaxşı halda ezamiyyə xərcləri ödənilməlidir. Vəssalam!
AFFA rəhbərliyi fərqinə varmır ki, milli üzvlərinin əksəriyyəti uzun illərdir ki, muzdlu təfəkkürüylə oynayır yığmada. Onları o qədər pula alışdırıblar ki, mükafat az olanda artıq ağız-burun əyirlər. Onları bu hala salan Rövnəq Abdullayev olub. Sadəcə ümid etmək qalır ki, onun gedişiylə bu məsələyə də düzən gələr.
Millimizin üzvləri yalnız rəsmi oyunlarda qazanılan yaxşı nəticələrə görə mükafat almalıdılar. O da ki, əvvəlcədən müəyyənləşdirilmiş standartlara uyğun olaraq ödənilməlidir. İndiki halda bizim millimiz imkanlı atanın əlinə baxan, pul verilməyəndə üsyan edən övlada bənzəyir. Buna son qoymaq lazımdır!
Həmid / sportal.az
Foto: Elmir Kərimov