Avrokuboklara vəsiqə qazanmayan "Neftçi"də durğunluqdur. Uğursuzluğa görə baş məşqçi Miodraq Bojoviçlə baş icraçı direktor Fərrux Mahmudovu istefaya göndərən paytaxt klubunda futbolçularla bağlı hələlik qeyri-müəyyənlikdir. Baxmayaraq ki, komandada müqaviləsinin müddəti başa çatan futbolçular var. Onlardan biri də Azər Salahlıdır. Hətta müdafiəçinin "ağ-qaralar"dan ayrıldığı bildirilir.
Sportliqa.az xəbər verir ki, Salahlı Fanat.az-a açıqlamasında gələcək taleyi ilə bağlı bunları deyib:
"Doğrudur, müqaviləmin müddəti başa çatır. Amma "Neftçi" ilə vidalaşmamışam. Bizə hələ heç nə deyilməyib. Açığı, çempionat başa çatmamış rəhbərliklə görüşümüz olmuşdu. Yeni müqavilə ilə bağlı fikrimi soruşdular. Dedim çempionatın sonunu gözləyək, qarşıda vacib oyunlarımız var. Avrokuboka vəsiqə qazanaq, ondan sonra müqavilə barədə danışarıq. Özümü həlledici oyunlara kökləmək istəyirdim. Təəssüf ki, istəyimizə nail olmadıq. Hamı kimi mən də zəng və ya mesaj gözləyirəm. Yəqin ki, qarşıdakı günlərdə məsələyə aydınlıq gələr".
Qeyd edək ki, Azər Salahlı "Neftçi"yə 2021-ci ilin dekabrında "Keşlə"dən (indiki "Şamaxı") keçib.