Roman Qriqorçuk Azərbaycana qayıtmasına peşman olub. “Neftçi”nin baş məşqçisi istefa vermək istəyir.
Sportliqa.az xəbər verir ki, ukraynalı mütəxəssis klubdakı durumdan narazıdır. O, rəhbərliyin işə yanaşmasını bəyənmir. “Neftçi”də sistemin düzgün işləməməsi, problemlərin üst-üstə yığılması, cavabdeh şəxslərin işə barmaqarası münasibəti Qriqorçuku məyus edib.
Təcrübəli məşqçi heyəti istədiyi kimi yeniləyə bilməyib. Onun komandaya gətirmək istədiyi futbolçular başqa variantları dəyərləndirir. Lazımsız legionerlərin çoxluğu üzündən bakılılar yeni transferlər edə bilmir. Bu isə Qriqorçuka mane olur.
Transfer məsələlərinə cavabdeh olan Kamil Məmmədovun himayədarlıq etdiyi, agenti olduğu oyunçular hələ də göndərilməyib. Baş məşqçi heyətin yenilənməsinə süni əngəlin məhz onun tərəfindən yaradılmasının fərqindədir, lakin vəziyyəti dəyişə bilmir. Müşahidə Şurasına edilən şikayət də fayda verməyib. Belədə o, imicini xərcləməkdənsə istefa vermək niyyətindədir. Tezliklə vəziyyət dəyişməsə, o, qəti qərarını verəcək.
Mənbə: Futbolinfo.az