"Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burada yoxdur. Sadəcə bizim iki çox dəyərli jurnalistimiz buradadır. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub".
Sportliqa.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
"Oyuna hazırıq. Sabah yəqin ki, çalışacağıq çox düzgün, çox səliqəli, çox intizamlı oynayaq. Bizim üçün böyük təcrübədir. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədir. Sabah futbolçular çox güc sərf edərək, mütləq şəkildə yaxşı oyun göstərməyə çalışacaq" - deyə o bildirib.
Mütəxəssis 2015-ci ildə "Qarabağ"ın Londonda "Tottenhem"ə 1:3 uduzduqları oyun barədə bunları söyləyib: "Həmin matç tam olaraq yadımdadır. Bəli, 1:3 uduzmuşduq. O vaxt da "Tottenhem" yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü "Tottenhem" daha dinamik, daha sürətlidir. Yeni baş məşqçi gələndən sonra bəlkə də, Premyer Liqanın ən sürətli, pressinq edən komandalarından birinə çevriliblər. Ovaxtkı "Tottenhem"lə indiki tamam fərqlidir. Tam fərqli oyun fəlsəfəsi var".
Q.Qurbanov "Dinamo"(Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxlarının yaxşı ki, "Qarabağ"ın ÇL-də olmadı" fikirlərini səsləndirməsinə belə münasibət bildirib: "Məncə, bu barədə düşünmək artıq gecdir. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı komandalardan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardır. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Əgər bu gün AL-də oynayırıqsa, o biri turnir barədə düşünməyimiz doğru olmaz. ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdır kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çoxdur. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq".
O,"Tottenhem" haqda açılacaq sirr olmadığını vurğulayıb: "Rəqibin sirləri çoxdur. Bu barədə hansısa fikir bildirə bilməyəcəm".
Xatırladaq ki, "Tottenhem" - "Qarabağ" görüşü sentyabrın 26-sı, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.