"Qarabağ" klubunun akademiyasında, belə demək mümkünsə, üsyan baş qaldırıb.
Sportliqa.az-a daxil olan informasiyaya görə, Ağdam təmsilçisinin akademiyasının işçiləri rəhbərliyə etiraz edirlər.
Səbəb isə maddiyyatla bağlıdır. Belə ki, akademiyada çalışan şəxslər xarici ölkələrdəki beynəlxalq turnirlərə aparılarkən, onlara verilməli olan ezamiyyə xərclərini tələb edirlər. Rəhbərlik personalı xarici ölkələrə yollasa da, onlara qürbətdə xərcləmək üçün "qara qəpik" də verməyib/vermir. Onlar vətənə döndükdən sonra da haqqlarını ala bilmirlər.
Ümumiyyətlə, Ağdam klubunun aşağı yaş qruplarından ibarət komandaları tez-tez müxtəlif ölkələrdə keçirilən turnirlərdə iştirak edirlər. Xatırlayırsınızsa, bu ilin mart ayında “Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin qalibi də olub. Son olaraq Ağdam təmsilçisinin U-16 komandasının İtaliyanın Neapol şəhərində keçirilən turnirdə iştirakından sonra isə işçilərin səbir kasası daşıb. Onu da qeyd etmək yerinə düşər ki, U-16 komandası hazırda "Qarabağ"ın hədəf qrupudur. Belə ki, ağdamlıların beynəlxalq turnirlərdəki əsas ümidi məhz U-16-dır.
Hər şey öz yerində, lakin məsələ işin maddiyyat tərəfinə gələndə, "Qarabağ" rəhbərliyi əlini cibinə atmaqdan yayınır.
İndi də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ezamiyyə xərclərinin ödənilməsi barədə qərarını rəhbər tutan akademiya işçiləri onlara verilməli olanı tələb edirlər.
Elsevər Muradzadə