Əvvəllər milli komandamız uduzanda İTV-də meydan qurulurdu, camaatı yığırdılar "Sabaha saxlamayaq" verilişinin studiyasına. "Nə yemisən, turşulu aş"! AFFA-nı "ağ yuyub, qara sərirdilər". Adam özü də məəttəl qalırdı ki, dövlət kanalında içində yüksək çinli məmurların olduğu ölkə futbolunun rəhbərliyinə "dişinin dibindən çıxanı" deyirlər.
AFFA rəhbərliyi dəyişəndən sonra deyəsən, İTV də "valı" dəyişib. Daha nə meydan qurulur, nə yığışan var, nə danışan...
Əvvəllər deviz "sabaha saxlamayaq" idisə, indi elə "sabaha saxlamaq" məsləhətdir.
Əvvəllər verilişin studiyasına gələnlər AFFA rəhbərliyini müzakirəyə çağırırdılar, aparıcılar da qoşulurdu qonaqlara. İndi vəziyyət elə gətirib ki, AFFA-nın vitse-prezidentlərindən biri İTV-nin rəhbəri Balakişi Qasımovdur. Veriliş olsa, 2 mərtəbə aşağı düşüb birinci o, gəlib məğlubiyyətlərə görə cavab verməlidir. O başqa sualdır ki, İTV-nin rəhbəri hansı bacarığına görə AFFA-da yüksək vəzifə tutur. Futbolla heç bir əlaqəsi olmayan bir adamı Mikayıl Cabbarovun yaxın qohumu kimi gətirib qoyublar AFFA-ya vitse-prezident. Əvvəlcədən əlbir olan bir qrup mütəşəkkil dəstənin "Boz bina"nı ələ keçirməsi və özlərini legitim göstərmək üçün Qurban Qurbanov kimi mötəbər şəxsi yanlarında otuzdurmaları da ayrı mövzudur.
Balakişi Qasımov "itib". Elxan Məmmədovu devirmək üçün hər üsula əl atan, hər verilişdə tənqid olunmasına şərait yaradan bu adam indi "ağzına su alıb, oturub". Elə bil futbolumuzun bu gündə olmasının ona heç bir aidiyyatı yoxdur.
Belə görünür ki, Balakişi Qasımovunku vəzifə davasıydı. Futbolun inkişafı heç kimə lazım deyil.
Elsevər Muradzadə