Azərbaycan millisi təəccübləndirməməkdə davam edir.
Yenilənmiş AFFA rəhbərliyi elə "siftə"dən bütün reputasiyasını itirmək üzrədir. UEFA Millətlər Liqasında mübarizə aparan millimiz 4 oyundur ki, məğlub olur. Hətta bizə bab sayılan Estoniyaya da uduzduq. Özü də 3 qol buraxaraq.
Rövşən Nəcəfin AFFA-da kreslosuna oturduğu bir il deyil. Düşünə bilərsiniz ki, zaman lazımdır. Amma bu gedişatla zaman anlayışı da illüziyadır. Ən azından, aşağı yaş qruplarından ibarət milli komandalarımızın nəticələrinə baxanda gələcəyin heç də yaxşı olmayacağını düşünmək çətin deyil.
Rövşən bəy savadlı kadr, yaxşı idarəedicidir, amma neft sahəsində. Onun futbol funksioneri kimi uğurlu olacağını zənn etmək isə qəliz məsələdir. Onsuz da onun AFFA-da başda əyləşməsi fövqəladə hadisə deyildi. Seçkilərdən xeyli öncə federasiyanın baş sponsoru SOCAR-da rəhbər vəzifə tutan şəxsin ölkənin bir nömrəli futbol qurumunun prezidenti olacağı bəlli idi. Az qala futbol ictimaiyyətində yeddidən-yetmişə hər kəs bunu bilirdi. Yəni, SOCAR-ın prezidenti Rövşən Nəcəf yox, Məmmədağa müəllim də olsaydı, AFFA-nın prezident vəzifəsi ona həvalə ediləcəkdi.
Əlbəttə, yeni rəhbər dövrünün uğurlu olmasını istəyir. R.Nəcəf prezident seçilər-seçilməz SOCAR-ın inzibati binasında idman jurnalistləri ilə görüş keçirdi, onların təklif və istəklərinə şəxsən qulaq asdı. Media nümayəndələri ilə səmimi olan Rövşən bəy sağlam tənqidə hər zaman açıq olduğunu da bildirdi. Gəlin, açıq danışaq, sağlam, ya qeyri-sağlam - tənqidi heç kim xoşlamır. Lakin AFFA prezidenti tənqidlərə hər zaman hazır olduğunu mətbuat önündə dilə gətirdi.
İndi isə tənqidlərin ard-arası kəsilmir. Yəqin ki, Rövşən bəy durumdan narazıdır, bu, ona yad gəlir. Axı neft industriyasında belə mənzərə ilə heç vaxt qarşılaşmayıb. Bəlkə də zamanla "daşlar yerinə oturacaq". Necə ki əvvəlki AFFA rəhbərliyi tənqidə "dözümlü" idi.
... Millinin biabırçı nəticələrindən sonra AFFA həmişəki kimi, "ağ yuyulub-qara sərilir". Hətta bu gün İTV-nin efirində yeni debat reallaşacaq, hesabat veriləcək. Bu hesabatları da ki çox görmüşük. Deyirəm, futbolumuzun da öz balaca dünyası var. Arada yığılıb, bərbad nəticələri müzakirə edib, hər öz yoluna gedir. İrəliləyişdən isə söhbət gedə bilməz.
Deyəsən, futbolumuz AFFA-nın yox, Allahın ümidinə qalıb...
Tarıyel