"Araz-Naxçıvan" klubu Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun olacağını bilirdik "Kəpəz" son dövrlərdə yaxşı performans göstərir. İdeal oynamasaq da, komanda şəklində qələbə üçün hər şey etdik. Qarşıdakı matçlara hazırlaşacağıq.
- Komanda uzun müddətdir məğlub olmur. Arxayınlıq yoxdur?
- Futbolçular uzun müddət komandadan ayrı idilər. Millidən olan oyunçuların yoxluğu komandanın ritmdən düşməsinə səbəb olmuşdu. Layiqli qələbə qazandıq. Daha da inkişaf edə bilərik.
- Urfan Abbasovun oynamamasının səbəbi nə idi?
- Zədəsi yoxdur. Sadəcə bir az narahatlığı var idi deyə süni meydançada oynatmağa risk etmədik.
- Mustafa Əhmədzadənin çıxışı barədə fikirləriniz necədir?
- Onun haqda çox danışırıq. Özünə də tövsiyə etmişəm ki, mətbuatdan uzaq qalsın. Bir az bərkiməlidir, inkişaf etməlidir.
- Uğurlu seriya üzərinizdə təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?
- Mənim üzərimdə heç bir təzyiq yoxdur. Komanda da mənim kimidir. Bu klubda işləmək üçün hər cür şərait yaradılıb. Oyun planında daha yaxşı ola bilərik. Futbolçuların məşqdə göstərdiyi performansa görə bunu deyirəm.