Gənclər və İdman Nazirliyi hər ilin sonunda ənənəvi olaraq "Buta Palace"də ilin idman yekunlarına həsr edilmiş Qala gecəsi təşkil edir.
Tədbirdə nazirlik hesabat verir, daha sonra idman jurnalistlərinin də iştirak etdiyi sorğu əsasında müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırır. Demək olar ki, bu həşəmətli gecədə bütün idman ictimaiyyəti, federasiyalar və idman mediasının nümayəndələri iştirak edir. Badmintondan tutmuş, güləşə qədər - iynə atsan, yerə düşməz. Şaxtalı-qarlı gündə "Buta Palace"nin içində sentimental kəpənəklər uçuşur. Sonra da vur-partlasın, çal-oynasın olur.
Bu ildən isə nazirlik valı dəyişib. Gecə-gündüz sosial şəbəkələrdə oturan, işə piyada gedən, səhər velosiped sürən, axşam marafon qaçan, vətəndaşın onunla nərd oynama təklifini işıqdan da sürətli şəkildə qəbul edib, "zər tutan", daim xalqdan biri olduğunu mesaj verən Fərid Qayıbov daha idman jurnalistlərini bəyənmir. Cənab nazir isti-soyuq demədən günlərini stadionda keçirən, şaxtalı havada Şahdağda dağa dırmaşan, Tovuzu Bakı-Sumqayıt yoluna döndərən jurnalistləri qırmızı xalçadan keçməyə layiq görmür.
Belə ki, builki gecəyə idman jurnalistləri dəvət edilməyib. Fərid müəllim Qala gecəsindən əvvəl idman mediası üçün "otdelni" yeyib-içmək təşkil etməklə ayrı-seçkilik edir, sinfi təbəqələşmə yaratmağa cəhd göstərir. Ola bilsin, Fərid Qayıbov sadə idman jurnalistlərini "qara" görür. Amma diqqətlə baxsa, görər ki, üzlər ağdır.
Elsevər Muradzadə