Münasibətlərdə olduğu kimi, yaşıl meydanların enişli-yoxuşlu anlarında da ikinci şanslar hər zaman uğur gətirmir. Bəzən "qol vurmaq" üçün edilən cəhdlər nəticəsiz qala bilər. Eynilə sevgidə olduğu kimi.
"Neftçi" – Azərbaycan futbolunun tarixi, flaqmanı, ölkənin ən varlı və ambisiyalı komandasıdır. Onun ehtirası, coşğusu, sinəsində parlayan medalları, şöhrəti, gücü və resursları hər zaman baş məşqçilər üçün çox cazibədar olub. Bu cazibənin qurbanlarından biri isə klubun keçmiş sevgilisi və bugünkü bədbəxt məşuqu Samir Abasovdur.
2021-ci ildə "Neftçi"nin uzun illərdir həsrətlə gözlədiyi çempionluğa çatması məhz bu personanın rəhbərliyi altında baş verdi. O zaman bu münasibət parlaq gələcəyə açılan bir "qapı" kimi görünürdü. Fəqət azarkeşlər və rəhbərlik üçün təkcə çempionluq kifayət etmirdi. Dominant futbol arzusunda olan "Neftçi" ailəsi bir müddət sonra Abasovu rədd etdi. O zaman heç kim düşünmürdü ki, bu ayrılıq hər iki tərəf üçün travmatik olacaq.
İllər keçdi, "Neftçi" "əlcək kimi dəyişdiyi" əcnəbi məşqçilərlə "oyun" oynamağa çalışdı, lakin hər şey daha da pisləşdi. "Ağ-qaralar"ın uğursuz çıxışları, azarkeşlərin məyusluğu və rəhbərliyin təlaş dolu qərarları onu köhnə sevgisinə, yəni, Samir Abasova geri qayıtmağa məcbur etdi. Bu, bir zamanlar ayrılmış iki sevgilinin yenidən bir araya gəlməsi idi. Lakin "Ex"dən "next" olmaz" deyimi bir daha özünü göstərdi.
"Neftçi"nin köhnə sevgilisini ağuşuna alması isə bir hekayənin reallaşması yox, kabusa çevrildi sanki. Vəziyyət daha da pisləşdi və azarkeşlərin ürəyinə yenidən məyusluq toxumları səpildi. Paytaxt təmsilçisi dövlət dəstəyi ilə yaşayır, amma bu dəstək sonsuza qədər davam etməyəcək... Klubun gələcəyi isə öz əlindədir...
Samir müəllim bəlkə də bu klubu ürəkdən sevir, amma sevgi təkbaşına kifayət deyil. Futbol sevgidən, romantikadan çox peşəkarlıq və strategiya tələb edən bir sahədir. Daha 5-4-1, 5-3-2 də o deyil. Bəzən keçmişdəki uğura baxıb, oraya qayıtmaq cazibədar görünsə də, köhnə səhifələri çevirmək daha yaxşıdır.
Elsevər Muradzadə