
Ölkə futbolunda son illərin ən mühüm qərarlarından biri qəbul edildi: Azərbaycan Premyer Liqasında klub sayı artırılacaq. AFFA İcraiyyə Komitəsinin ötən həftə verdiyi qərara əsasən, 2025/26 mövsümündən etibarən Premyer Liqada 12 komanda iştirak edəcək.
Əslində, bu dəyişiklik Azərbaycan futbolunun inkişafı üçün müsbət addım ola bilərdi. Ancaq reqlamentin necə formalaşacağı sual altındadır.
Son iki mövsümdür ki, Azərbaycan futbolunda idman prinsipləri qorunurdu: Premyer Liqanın sonuncusu birbaşa aşağı liqaya düşür, əvəzində Birinci Liqanın qalibi elitaya yüksəlirdi. Hətta Peşəkar Futbol Liqasının əsasnaməsində qeyd edib ki, gələcəkdə klub sayı artsa idman prinsipləri qorunacaq.
Məsələn, Premyer Liqada klub sayı 12 olarsa, 1 komanda aşağıya düşücək və 3 komanda yuxarı qalxacaq. Ancaq indi AFFA rəhbərliyi, xüsusilə icraçı vitse-prezident Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov fərqli bir sistemin tətbiq olunmasını istisna etmirlər. Onların sözlərinə görə, Premyer Liqanın sonuncusu ilə Birinci Liqanın üçüncüsü arasında pley-off oyunu keçirilə bilər.
Bu isə açıq şəkildə idman prinsiplərinə ziddir.
Mövcud sistemə əsasən, Premyer Liqa klublarına hər mövsüm dövlət tərəfindən 3 milyon manat maliyyə yardımı ayrılır. Birinci Liqada bu rəqəm 300 min manatdır. Yəni, iki liqa arasında 10 qat maliyyə fərqi var. Belə olan halda, Premyer Liqanın sonuncusu ilə Birinci Liqanın üçüncüsü arasındakı oyun nə dərəcədə ədalətli olacaq? Hər kəsə məlumdur ki, Birinci Liqanın hətta çempionu belə Premyer Liqanın autsayderini məğlub etməkdə çətinlik çəkə bilər. O ki qaldı, 3-cü yerin sahibinin bunu bacarmasına. Fəqət AFFA rəhbərliyi isə bu qərarı "ədalətli" kimi təqdim etməyə çalışır.
Azərbaycan futbolunda ən nüfuzlu şəxslərdən biri olan Qurban Qurbanovun bu məsələdə mövqeyi birmənalı qarşılanmır. İndiyədək Ölkə futbolunun taleyini müəyyən edən qərarlarda nə onun fikri soruşulur, nə də özü iclaslarda iclaslarda iştirak edib (Milli komandaya baş məşqçi təyinatı və hakimlər komitəsinə sədr təyinatı). Hətta legioner limitinin ləğvi ilə bağlı narazılığını bildirsə də, AFFA rəhbərliyi bu məsələni də qulaqardına vurdu.
Son açıqlamalarına və çıxışlarına baxanda isə onun ifadələrində qeyri-səmimilik və çarəsizlik hiss olunur. Sanki onu İcraiyyə Komitəsində məcburi saxlayırlar. Uzun illər futbolumuza xidmət etmiş belə bir mötəbər şəxsin idman prinsiplərinin tapdalanmasına susması, yaxud dolayısı ilə bu prosesə dəstək verməsi, onu futbol ictimaiyyəti arasında nüfuzdan salır.
Qurban Qurbanov Azərbaycan futbolunda daim prinsipiallığı seçilən bir personadır. Amma indi o, bu qərarlarla barışırsa və AFFA rəhbərliyinin istədiyi reqlamenti qəbul edirsə, bu, onun imicinə ciddi zərbə vura bilər. Bəlkə də, onun üçün ən doğru addım istefa verməkdir. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir.
Elsevər Muradzadə