
Sizə Kadidən danışım. O Kadidən ki, geri qayıtdı, amma getməmiş kimi qayıtdı.
Sanki "Qarabağ" onu icarəyə göndərmişdi. Getdi zədələndi, uzun müddət oynamadı, formadan düşdü, yenə Ağdam klubuna döndü. Braziliyalı qayıdanda futbol ictimaiyyətimizdə çoxu düşünürdü ki, Kadinin "qatarı gedib", əvvəlki kimi olmayacaq. "Qarabağ"ın ondansa pul xərcləyib, ön xəttə daha yaxşı futbolçu almağı məsləhət görülürdü. Həm də futbolsevərlərdə belə bir düşüncə var ki, Azərbaycandan gedən braziliyalı futbolçular ölkəyə geri dönəndə uğurlu olmaq bir yana, əvvəlkinin yarısı da ola bilmirlər. Amma Kadi...
Elə həmin Kadidir. Hələ beş də artığıdır. Qayıtdıqdan sonra debüt matçındaca ("Qarabağ" – "Səbail" - 5:1) bir qol, bir məhsuldar ötürmə ilə yadda qaldı. "Səbail"in enişdə, daha doğrusu, çöküşdə olduğunu nəzərə aldıqda, Kadini bu komandayla oyundakı performansına görə qiymətləndirmək üçün tez idi.
Amma "sambaçı" tonusdan düşmədi, növbəti matçlarda da adını tabloya yazdırmağı bacardı. Topun onun ayağına hər dəyməsi az qala bir olaydır. Rəqibə qarşı təhlükədir.
Kadinin iki gün əvvəl "Turan Tovuz"la oyunda vurduğu ikinci qolu isə yüksək peşəkarlığın təcəssümü, şedevr idi.
Bir sözlə, braziliyalı vingerin "Qarabağ"a dönüşü uğurlu alındı. Elə bu qrafiki cızaraq yoluna davam edir. Əsas məsələ isə avrokuboklardır.
"Qarabağ" azarkeşi Kadini orda da Kadi kimi görmək istəyir. Hələ fanatların qorxusu odur ki, Kadiyə növbəti "Krasnodar"lar "elçi düşməsin"...
Daşqın Əziz