Bakıda “Koreya səfiri kuboku” keçirilib
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə ənənəvi "Koreya səfiri kuboku" keçirilib.
Sportliqa.az xəbər verir ki, turnirdə 35 klubu təmsil edən 2008, 2009 və 2010-cu il təvəllüdlü 145 gənc idmançı olimpiya çəki dərəcələri üzrə mübarizə aparıb.
Yarışın açılış mərasimində Koreyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Kanq Kımqu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış ediblər. Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub. Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunan taekvondo avadanlıqlarının təqdimatı və iştirakçılar üçün maraqlı lotereya oyunu keçirilib. Yarışın bədii hissəsində Azərbaycan Taekvondo Federasiyasının nümunəvi çıxış komandasının (demo team) üzvləri rəngarəng çıxış proqramı nümayiş etdiriblər.
Daha sonra final qarşılaşmalarına start verilib. Ümumi komanda hesabında "Fərasət" TK komandası birinci olub. "Absheron-Xızı" və "Qafqaz" TK komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.