"Neftçi" komandasının baş məşqçisi Vitali Stepanovski "Sabah"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Bugünkü oyuna yaxşı başladıq. Oyunçularım bu görüşə inamla və yaxşı enerji ilə çıxmışdılar. İlk 15 dəqiqədə planlaşdırdıqlarımızın hamısı alınırdı. Hesabda irəlidə idik, çünki müdafiədə kifayət qədər yaxşı çıxış edirdik. Özümüzün və rəqibin səbətini, həmçinin ribaundu nəzarətdə saxlayırdıq.
İkinci hissənin sonunda bir neçə səhvə yol verdik, müdafiədə qaydalardan çıxdıq. Rəqib komandanın lideri Qravet oyuna daxil oldu. Üçxallıq və iki dəfə faulla birlikdə xal qazandı. Fasilədən sonra isə artıq faul problemi yaşadıq. Üç oyunçumuzun faulu var idi: hazırda əsas bir nömrəmiz olan Devonte Qrin və komandaya yeni qoşulan, bizimlə sadəcə iki məşq keçmiş Smit də üç faul aldı. Bu səbəbdən beşliyi bir qədər dəyişməyə məcbur olduq.
Bunun nəticəsində üçüncü hissədə hücumdakı təşkilatlanmamız zəiflədi və kifayət qədər çox səhv etdik, rəqibə asan xallar qazandırdıq. Bundan sonra isə rəqibin heyətində Pansa ribaundda dominantlıq etdi və bizə qarşılayıcı hücumlarda çoxlu ikinci şans atışlarına imkan verdik.
Dördüncü hissədə geri qayıtmağa çalışdıq, müəyyən epizodlarda alındı, bəzilərində isə yox. Tempi artırmağa, hücumda qısa setlərlə oynamaga çalışdıq ki, fərqi tez bir zamanda azaldaq. Ümumilikdə oyunçularımın fədakarlığından razıyam. Yetərincə yaxşı zərbələrimiz oldu, ancaq liderlərimiz bir çox açıq üçxallıq atışları dəqiq yerinə yetirə bilmədilər.
Oyunumuzu daha da yaxşılaşdırmaq üçün böyük potensialımız var, ilk növbədə müdafiədə, eləcə də hücumda.