Sizə xırda, amma həyat dolu bir hekayəni paylaşmaq istəyirəm. Azərbaycanımızın gözəl, bərəkətli rayonlarından biri olan Cəlilabadın Xənəgə kəndində parlayan sadə, halal zəhməti ilə dolanan, öz güzəranında firəvan yaşayan bir ailədən bəhs edəcəm. Kiçik bir ev, isti ocaq, bir parça çörəyi olan ailənin üzvləri ata, ana və yeddi uşaqdan ibarət idi. Məlumatıma görə, 1957-ci ildən əvvəlcə Bakının Lökbatan qəsəbəsində, sonra isə Xırdalan şəhərində məskunlaşıblar.
Ailə başçısı Binyatov Bəybala kişi idi. Ömür-gün yoldaşı isə Binyatova Şəmayıl adlı nurüzlü bir xanım. Övladların ayrı-ayrılıqda adlarını sadalamağa nə gərək?.. Əsas qəhrəmanımızı tanısaq, kifayət edər, məncə... Şəhid İlyas Bəybala oğlu Binyatov.
Məlumat üçün bildirmək istəyirəm ki, bu hekayəni qələmə alan şəxs, ailənin böyük oğlu Habil Binyatovun oğlu İlyaz Binyatovdur. Bəli, şəhidlik zirvəsinə yüksəlmiş, Sirat körpüsünü maneəsiz keçib, cənnəti sorğu-sualsız qazanmış, adını daşıdığım şəhid əmim İlyasdan və onun qisasını məğrurcasına, canı və qanı bahasına almış Vətən müharibəsi iştirakçısından, yəni İlyazdan bəhs edəcəyəm.
Hər zaman bildirirəm ki, şahidlik şəhidlikdən bir pillə aşağıdır. Mən bu amansız savaşların şahidi olmuşam. Şəhidlik isə ən ali zirvədir, hansı ki hər insana nəsib olmur o zirvəyə yüksəlmək. Uşaqlıqdan bizə öyrədiblər ki, şəhidlər cənnət mələkləridir... Bu dünyaya bizlərə xoş, firavan və əmin-amanlıqla dolu həyat bəxş etmək üçün Tanrı tərəfindən müvəqqəti olaraq göndərilmiş mələklər... Tanrının yer üzərindəki ən yaxın köməkçiləri...

Sizlərə məqaləmin qəhrəmanından bəhs etmək istəyərdim. İlyas Bəybala oğlu Binyatov, 12 fevral 1971-ci ildə dünyaya gəlib. Qismətə bax ki, o, anası ilə eyni gündə və eyni ayda doğulmuşdu, beləliklə, anasına Tanrı tərəfindən ən gözəl ad günü hədiyyəsi, bir pay kimi göndərilmişdi. 21 illik bir pay...
Şəhid əmimi həyatda görməsəm də, onu xəyalımda təsvir edib canlandırmağı əminəm ki, bacaracam. O, hündürboylu, ağbəniz, qalın qaşları, şim-şimal qara saçları, gözlərində isə hər zaman cənnətin nurunu daşıyan, xoş simalı Azərbaycanımızın igid, ərən, mərd oğlu idi.

İlyas 1978-1989-cu illərdə Abşeron rayon Xırdalan şəhər 2 və 3 saylı orta məktəblərində təhsil almışdı. 1989-cu ildə isə Abşeron Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdı. Rusiya Federasiyasının Kuybışev şəhərində yüksək məsuliyyətlə, nümunəvi şəkildə və qüsursuz olaraq hərbi xidmət keçmişdi.
1991-ci ilin iyun ayında hərbi xidmətdən tərxis olunaraq, doğulub boya-başa çatdığı Vətəninə, elinə-obasına qayıdıb. Əlbəttə ki, valideynləri, qardaş və bacıları, xüsusilə də anası Şəmayıl xanım üçün həmin gün toy və bayram kimi xatırlanır.
1992-ci il artıq gəlib çatmışdı. Ölkəmizin üzərini qara buludlar bürüməyə başlamışdı. Hüsnü və bərabəri olmayan torpaqlarımızda, qızıl yataqları ilə zəngin, İstisu bulağı ilə məşhur Kəlbəcərimizdə, illərdir ki, yağı düşmənə məhbus olmuş xarı bülbüllü, Cıdır düzlü mədəniyyət mərkəzimiz Şuşamızda, strateji əhəmiyyətə malik dəhlizi olan Laçınımızda, meşələri ilə zəngin Zəngilanımızda, üzümçülüyü ilə tanınan Cəbrayılımızda, dağlıq əraziləri və çayları ilə məşhur Qubadlımızda, Ağdamımızda, Ağdərəmizdə, Xocalımızda və Xankəndimizdə — ümumilikdə yurdumuzun dilbər guşələrində silah, mərmi və atəş səsləri eşidilməyə başlamışdı.

Doğma əmim İlyas Binyatov döyüşlərə qatılmaq üçün dəfələrlə könüllü olaraq hərbi komisarlığa müraciət etmişdi. Nəhayət, 1992-ci ilin sentyabr ayının 20-də atası Bəybala kişi onu müqəddəs kitabımız olan Qurani-Kərimin altından keçirərək, Allahın himayəsinə tapşırır və ona son bir dəfə ata-ana xeyir-duası verir. Ardınca "N" saylı hərbi hissəyə yola salınır.
Atası Bəybala kişi İlyasa yalnız xeyir-dua ilə deyil, həm də kiçik bir dua parçasını boynuna asması üçün verərək, ona daim bu müqəddəs əşyanı üzərində saxlamağı tapşırır. Bu kiçik dua parçası, İlyasa yalnız Tanrının əzəmətli rəhmətini və qorumasını xatırlatmaqla qalmır, həm də onun qəlbində ümid və inamın simvoluna çevrilir.
İlyasın döyüş yolu ölkəmizin zəngin təbiəti ilə seçilən Tərtər-Ağdərə istiqaməti idi. Lakin o dövrdə qeyd etdiyim bu istiqamətdə düşmənlə amansız bir mübarizə gedirdi. Gözü qanla örtülmüş düşmənin ağır artilleriyasından ard-arda atılan vahiməli mərmi səsləri, silahlarının açdığı güllələrin havaya yayılan tükürpədici ciyiltisi və partlayışların dəhşətli uğultuları bir an belə dinmək bilmir, sanki bu vahiməli səhnə bütün təbiəti, yeri, göyü lərzəyə gətirirdi.

Qızğın döyüşlərdə İlyas şəxsi hərbi təcrübəsinə və cəsarətinə güvənərək, komandirlərin əmr və tapşırıqlarını böyük peşəkarlıqla yerinə yetirir, mərdliyi, igidliyi və qəhrəmanlığı ilə seçilirdi. Həmişə döyüş yoldaşlarına bacardığı qədər kömək göstərirdi. Əlbəttə, ailəsi də daim İlyasa və ordumuzun bütün vuruşan oğullarına namaz üstə Tanrıya əl açaraq dualarını edərmişlər.
Amansız alovun və savaşın içində fürsət düşdükcə, əmim ailəsinə, valideynlərinə məktub yazırdı. Məktublarında isə belə yazardı: “Mənim gözəl- göyçək anam, burada hər şey qaydasındadır. Bir az soyuqlamışam, amma sənin zoğallı mürəbbən və isti çayın olsa, bilirəm ki, tez sağalaram. Heç narahat olma, sənə bildirirəm ki, sənin düşməndən qorxmayan mərd oğlun və oğlunun yanında çiyin-çiyinə vuruşan mərd, qorxmaz oğullarımız var. Anacan, başındakı örpəyi bir az da sıx bağla, havalar soyuqdur, sənə soyuq olmasın”. Və müharibədən əvvəlki dövrlərdə hər zaman anasının örpəyini öz əlləri ilə sıx bağlayardı. Məktubunda bunu xatırlatmaq üçün xüsusi olaraq vurğulamışdı…
1992-ci ilin sentyabr, oktyabr və noyabr aylarında Ağdərənin Dovşanlı, Heyvalı və Yayıcı kəndlərində qaniçən düşmənə qarşı vuruşmuş, Çıldıran kəndinin alınmasında isə igidliyi və mərdliyi ilə seçilmişdi.

İlyas üçün sonuncu noyabr, sonuncu döyüş...
Aylardan noyabr, amma bu, İlyas üçün sonuncu ay idi. Topladığım məlumata görə, 18 noyabr İlyasın xəstə olduğunu komandir heyəti hiss edir. Ona bildirirlər ki, sən Sırxavənd kəndi uğrunda gedən döyüşə qatılma, arxa cəbhədə bizə yardım edərsən. Lakin vətənpərvərlik eşqi ilə yaşayan İlyas bu təkliflə razılaşmır. Bəlkə də komandir heyətinin verdiyi ilk və son əmri yerinə yetirmədiyi tapşırıq bu idi.
Sanki Ana Vətən, İlyası öz qoynuna, qucağına, əbədi cənnət qoxan beşiyinə çağırırmış. Son gün — 19 noyabr... İlyas Sırxavənd döyüşündə düşmənə qəhrəmancasına və cəsarətlə müqavimət göstərərək qorxmadan irəli şığıyır, amma qaniçən, vəhşi düşmən onu ürəyindən nişan alır. Və doğma əmim Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn ilk şəhidimiz olur.
Öyrəndiyim məlumata görə, cənazəsi gətirilməmişdən və xəbəri gəlməmişdən bir gün əvvəl, nənəm Şəmayıl məhəlləyə gələrkən, binanın qabağında gözünə mafa görünübmüş. Babam Məşədi Bəybala isə həmin gecə heç kimə danışmadığı, amma ona əyan olan bir yuxu görübmüş. Hər iki valideyninə oğullarının şəhadətə ucalması barədə Tanrı tərəfindən ilk xəbər əyan olub.
Noyabrın 20-si, gecənin bir aləmində, saat 01–02 radələrində, babamgilin qapısı döyülür. Həmin gecə babamın gözlərinə yuxu getmirdi, elə bil xəbər gözləyirmiş kimi üst geyimini hazır etmişdi. Həmişəki kimi, xəz papağını da başına qoyub qapıya doğru addımladı. O vaxtlar qapılar taxtadan idi və içəridən bir neçə açar və zəncirlə möhkəmlənirdi. Babam zənciri cəftədən çıxarıb qapını açanda, içəri daxil olan köhnə qonşumuzun üzündən və baxışlarından dərhal başa düşdük ki, Bəybala kişi artıq bir şəhid atasıdır...
Qaranlıq gecənin sübh tezdəni, şəhid əmimin üçrəngli şanlı bayrağa bükülmüş cənazəsi əsgərlərimizin çiynində Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, 21-ci binanın qarşısına gətirilirdi. O anları göz önündə canlandırmaq qəlbi dağlayan, acı dolu bir hissdir. Cənazə yaxınlaşdıqca ürəklər param-parça olur, hayqırtılar daha da ucalırdı. Binanın qarşısına çatanda bayrağa bükülmüş cənazəni şəhidin susqun, təmkinli atası, yeri-göyü ah-naləsi ilə silkələyən anası, göz yaşlarına qərq olan bacıları və göz yaşlarına boğulan qardaşları qarşıladı. Və əlbəttə, bütün qohumlar, qonşular — tanıyan-tanımayan hər kəs də orada idi.
Əmim 1992-ci il noyabrın 20-də müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanında hərbi ehtiramla, yaylım atəşi açılaraq torpağa tapşırılıb, əbədiyyətə yola salındı. Həmin illərdə Azərbaycanın hər bölgəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız var idi.
Əmim Şəhidlik zirvəsinə ucalandan sonra, nənəm Şəmayıl ömrünün sonuna qədər bir daha başına xına qoymadı, heç bir toyda, hətta övlad toyu olsa belə, əlini qaldırıb oynamadı. Bir əhdi vardı: adını qoyduğu nəvəsinin - İlyaz Habil oğlu Binyatovun toyunda başına xına qoyub, sevincindən əl qaldırıb oynayacam deyərdi. Axı nənəm Şəmayıl İlyas əmimin xonçalarını qırmızı lentlə bəzəyərək, ürək ağrısı ilə Şəhidlər Xiyabanındakı məzarı üstünə aparmışdı, halbuki o xonçalar toy qapısına getməli idi. Ana üçün bu, həyatın ən ağrılı, tale-yüklü qisməti idi. Lakin Tanrı mənim toyumu da görməyi qismət etmədi nənəmə. Bu bir həyatdır, əlbəttə ki, istədiyimiz kimi getmir; hər şey yalnız kinolarda, seriallarda mükəmməl sonluqlarla yekunlaşır. Adi həyatda isə arzularımız bəzən gerçəkləşmir.
Mən, İlyas Habil oğlu Binyatov, əmim İlyasın şəhid olmasından iki il sonra, 1994-cü il, 16 aprel tarixində dünyaya gəlmişəm. Yəqin ki, Tanrı nənəmdən aldığı payın qarşılığında məni ona və ailəmə hədiyyə edib.
2001-ci ildə Abşeron rayon, Ceyranbatan qəsəbəsindəki 1 nömrəli orta məktəbdə 1-ci sinfə başladım. 2-ci sinifdən 11-ci sinfə qədər isə Abşeron rayon, Xırdalan şəhərindəki 2 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirdim.
2012-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Statistika ixtisası üzrə bakalavr təhsilimi başa vurub, həmin ilin iyul ayında Abşeron Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldım.

Hərbi xidmətimi Ağcabədi və Beyləqan istiqamətlərində keçdim, ən sonuncu xidmətdə olduğum torpaqlar isə Ağdamın Mərzili kəndi oldu. Hərbi xidmət dövründə manqa komandiri vəzifəsində xidmətimi layiqincə yerinə yetirmişəm. Sözün düzü, komandir və əsgər heyəti hər zaman xətrimi çox istəyib, vəzifəmi qüsursuz şəkildə yerinə yetirən bir əsgər olmuşam.
Komandirim - baş leytenant Dadaşov Həmidağa sayəsində artilleriya sahəsini bacardığım qədər mükəmməl öyrənməyə çalışırdım. Qeyd etdiyim komandirin adını və soyadını yadda saxlayın.
2017-ci ildə “N” saylı hərbi hissədən tərxis olunduqdan sonra Xırdalana - ailəmin yanına geri döndüm. Əlbəttə ki, həmin gün ailəm üçün böyük bir şadyanalıq oldu.

Əsgərlikdən qayıtdıqdan sonra da komandirim, baş leytenant Dadaşov Həmidağa ilə dostluq münasibətimiz davam edirdi. İllər keçdi və 2020-ci ilin sentyabr ayı gəldi. Sentyabrın əvvəllərində komandirim olmuş Dadaşov Həmidağa ilə Xırdalanda görüşdüm. Artıq o, kapitan rütbəsini almışdı. İnanıram ki, bu məqaləni oxuyursa, o da mənim qeydlərimi təsdiq edər.
Mənə hər zaman "Bünüş" deyə müraciət edərdi (Binyatovu qısaldaraq). Söhbət əsnasında bildirdi: "Bünüş, hazırlıqlı ol, hər an Vətən müharibəsi başlaya bilər, sən də hərbidə artilleriya ixtisası aldığın üçün orduya mütləq gərək olacaqsan". Bir az da hərbi xidmətimizdəki günləri xatırlayıb, şirin söhbət edərək, bir-birimizlə halallaşıb ayrıldıq.
Zənnim məni yanıltmırsa, təxminən 10 gün sonra - sentyabr ayının 28-dən 29-a keçən gecə, hardasa 02-03 radələrində, müharibə janrında olan "Ayla" adlı filminə baxırdım. İndiki gün kimi həmin gecəni xatırlayıram. Kinonun sonunda gözlərimdən bir damla yaş süzüldü. Və sonra yuxuya getdim.
29 sentyabr səhəri, saat 07 radələrində tanımadığım bir nömrədən gələn zənglə yuxudan ayıldım. İlk sual isə bu cümlə ilə başladı: "Salam, İlyaz Habil oğlu Binyatovdur?". O an artıq hər şeyin fərqinə varmışdım.
Yerimdən tələm-tələsik qalxıb əl-üzümü yuyaraq, anam Nərgizin mənə hazırladığı səhər yeməyini belə yeməyə macal tapmadım. Sadəcə bir fincan çay içib, anama bildirdim ki, narahat olma hərbi komisarlığa gedib, 1 saata evə geri dönüb rahat yeyərəm. Axı Vətən torpaqları 28 il əvvəl adını daşıdığım əmim kimi, indi də məni gözləyirdi… Hər zaman deyirəm, zaman təkrarlanır. Sadəcə, udan və uduzan tərəflər dəyişir.
Atam Habil isə 28 il əvvəl atası Bəybala kişinin etdiyi kimi, səbirli, soyuqqanlı və təmkinli şəkildə məni müqəddəs kitabımız olan Qurani-Kərimin altından keçib Allahın himayəsinə tapşıraraq, məni bağrına basdı və dedi: “Sən şəhid əmin İlyasın qisasını alıb, torpaqlarımızı geri qaytaracaqsan”. Axı hər ata öz övladına güvənir — çox şükür ki, atamın ümidini doğrultdum.
Anam həmin anda təlaş içindəydi. Gözlərindən yaşlar süzülməyə başlamışdı. Boynuma sarılıb məni buraxmırdı — anamın ürəyi həmişə olduğu kimi, nazik, qayğıkeş və kövrək idi.
Payız ərəfəsi — sentyabr, döyüşlərin başlaması və mənim, İlyas Habil oğlu Binyatovun döyüşlərə qatılmağım — ailəm üçün 28 il öncəki o tanış ssenarini yenidən canlandırdı. Valideynlər üçün bu, tükürpədici, qorxulu və ürəyi sındıran bir psixoloji sınaq idi.

“İlYAS”la başlayıb “İlYAZ”la bitən savaş…
2020-ci il sentyabrın 29-da döyüşlərə qatıldım. Əvvəlcə Mingəçevirdəki “N” saylı hərbi hissəyə yola düşdüm. Elə həmin hərbi hissədə mənim üçün xoş bir möcüzə baş verdi: əsgərlik komandirim, mülki həyatda dost olduğum kapitan Dadaşov Həmidağa da mənimlə eyni istiqamətdə döyüşlərə qatılmışdı. Bu xoş təsadüf hər ikimizin üzündə gülüş və təbəssüm yaratdı, eyni zamanda, bir-birimizə bir daha bu tale-yüklü haqq savaşında daha da əzmli, güclü, iradəli olmaq üçün doğmalıq hissini ötürdü. Bir-birimizi sıxca qucaqlayıb, döyüşdə uğurlar arzuladıq.
Kapitan Dadaşov “N” saylı hərbi hissənin minaatan batareyasının komandiri idi, mən isə həmin batareyanın 6-cı manqasının manqa komandiri. Bu, Allahın mənə bəxş etdiyi heç vaxt unutmayacağım qismət idi.
Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə layiqincə iştirak etdim. 5 noyabrda Zəngilanda düşmənin üzərinə xeyli sayda mərmi yağdırdım — o anlar heç vaxt yadımdan çıxmaz. Döyüş əzmimi, düşmən qüvvələrinə qarşı qətiyyətlə vuruşmağımı və döyüşdə necə fərqləndiyimi tabeçiliyimdəki əsgərlər və komandirlərim, xüsusilə kapitan Dadaşov Həmidağa və baş leytenant Qasımov Teymur yaxşı bilir.

Döyüş yoldaşlarımdan məni fərqləndirən cəhət onda idi ki, mən yalnız torpaqlarımızın azadlığı uğrunda döyüşməklə kifayətlənmirdim — fəxrlə daşıdığım şəhid əmimin qisasını almaq üçün onun ruhundan güc alır, daha da qətiyyətlə vuruşurdum. Əmimin ruhu hər zaman mənimləydi və məni mənfur düşmənin mərmisindən, qəlpəsindən, gülləsindən qoruyurdu. Müharibədə hamımız eyni məqsəd üçün vuruşurdıq: işğal olunmuş torpaqlarımızı geri qaytarmaq və şəhidlərimizin qisasını almaq. Və biz buna nail olduq.
Məqaləmin adında qeyd edildiyi kimi, “İlYAS”la başlayıb, “İlYAZ”la bitən savaşı biz qələbə ilə sona çatdırdıq. Müharibədən qayıdarkən döyüş yoldaşlarım hərəsi bir xatirə götürmüşdü: kimisi silah gülləsi, kimisi güllə gilizi, mən isə Zəngilandan müqəddəs, şəhid qanı ilə yoğrulmuş bir ovuc torpaq götürmüşdüm. O torpağı döyüşlərin ilk günündə əhd etmişdim — şəhid əmim İlyas Binyatovun məzarının kənarında balaca bir torpaq yeri var ora qatacağıma söz vermişdim.

Müharibədən dönəndən sonra ilk müqəddəs ziyarətgahım Şəhidlər Xiyabanı oldu.
Pilləkənləri qalxarkən, Müqəddəs Zəfərimizin nə qədər şirin və qürurverici olduğunu anlamağa başlayırdım. Nəhayət, ətrafı şam ağacları ilə sıx əhatələnmiş bir məzara çatdım və baş daşından mənə gülümsəyən yaraşıqlı bir oğlan vardı. Bəli, bu, qisasını kişi kimi aldığım doğma Şəhid əmim İlyas Bəybala oğlu Binyatovun qəbri idi.
Hərzamankı kimi, əmimin baş daşına həkk olunmuş şəklindən yanağların öpərək ona dualarımı və qələbə xəbərini öz dilimdən çatdırdım. Hiss edirdim ki, əmimin ruhu bu müqəddəs görüşü gözləyirmiş. Daha sonra cibimdəki şəhid qanı ilə qarışan bir ovuc müqəddəs torpaq payımı çıxardım. İki dizimi yerə qoyaraq əmimin sinə daşının ətrafında olan güllərlə örtülmüş balaca, amma dəyərli torpaq sahəsinə qarışdırdım. Həmin an çox kövrəlmişdim, gözümdən bir neçə damla yaş axaraq həmin torpağa qarışdı. Bu, əlbəttə ki, sevinc göz yaşları idi. Çünki hər insana nəsib olmur ki, adını daşıdığın şəxsin qisasını alıb, onun ruhunu şad edəsən.
Bir ovuc torpaq hədiyyəm isə düşünürəm ki, əmimin ruhunu xeyli şad etmişdi. Çox şükürlər olsun ki, əhdimə sadiq qalmağı Tanrı mənə nəsib etdi.

Müharibədən sonra ilk ziyarət etdiyim ocaq babamın evi oldu. Babam 2012-ci ildə dünyasını dəyişmişdi. 2021-ci ilin yanvar ayında şəhid anası nənəm Şəmayılla görüşməyə yollandım. İçimdə böyük bir qürur hissi vardı, qürur hissim içimdə sanki kəpənəklər kimi uçuşurdu — həyəcanlı idim, çünki şəhid anasını sevindirəcəkdim: axı onun oğlunun qisasını almışdım.
Nənəmin qabarmış əllərini öpüb, uca dağların qarla örtülmüş zirvələrini xatırladan ağ saçlarını oxşadım. Onun gözlərindən mirvari kimi yaşlar süzülürdü. Nənə məni qucaqlayıb təşəkkür etdi, şəhid oğlu İlyasın qisasını alıb adını daim uca tutduğum üçün çoxlu dualar etdi.
Nənəm 2024-cü ildə dünyasını dəyişdi. Əminəm ki, şəhid oğlu ilə birlikdə cənnətdə əbədi qovuşublar. Ruhları isə hər uğurumda mənimlədir və sevinirlər.
Əmim İlyasın timsalında mən və minlərlə mənim kimi oğullar həm qisasımızı aldıq, həm də işğal altında olan torpaqlarımızı azad etdik. Bu müqəddəs savaşdan mənə danışmağa bol xatirə, göstərməyə isə “Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə” Fəxri Fərmanı, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları yadigar qaldı.
Müharibədən sonrakı hər il əmimi və digər şəhidlərmizi ziyarət edərkən, onların ruhlarının necədə rahat olduğunu qəlbimin dərinliyində hiss edirəm. Allah sizlərə rəhmət etsin, Azərbaycanımızın unudulmaz qəhrəmanları...

1996-cı ilin noyabr ayına aid olan bu şəkildə başında qırmızı qopuzlu papaq, cins gödəkçəsi, tünd yaşıl şalvarı və ayağında "papuş" adlandırdığımız geyim növü olan bir uşaq əks olunub. Pambıq kimi yumuşaq balaca əlini şəhid əmisinin rəsminin üzərinə qətiyyətlə qoyaraq, həyatı dərk etmədən anasının qucağında susqunca ətrafı izləyir. Başının üzərində isə üçrəngli, şanlı bayraq dalğalanırdı...
Şəkil bir tərəfdən uşaqla gələcəyin təmsilini, digər tərəfdən isə vətənpərvərlik və şəhidlərə olan ehtiramı gözlər önünə sərir. Bəli, bu balaca körpə bala mənəm, şəhid əmisi İlyasın qisasını illər sonra layiqincə alan İlyaz Habil oğlu Binyatov. O vaxtlar, hələ uşaqlıq illərimdə həyatın nə qədər çətin və mənalı olduğunu anlamırdım. Amma o şəkil, həm şəhid əmimin yadigarı, həm də vətənə olan sevgimin bir təzahürüydü.
Hər kəsin həyatı özünəməxsus bir hekayədir. Bu hekayə isə mənim adını daşıdığım əmimin qəhrəmanlığından ilham alaraq yazdığım bir məqalədir.
Son damla qanına qədər mübarizə aparan İlyas haqqında döyüş yoldaşları hər zaman xoş sözlər danışır, onun necə sadə, mehriban, igid, mərd və vətənpərvər bir insan olduğunu vurğulayırlar. Sırxavənd kəndinin adı da bunu təsdiq edir; bir çox igidlərimiz öz sirləri ilə bərabər cənnətin qapılarına bu torpaqlardan yola düşüblər. Onların xatirəsi isə hər birimizin yaddaşında əbədi yaşayacaq. Bu məqaləni isə Şəhid əmim İlyas Bəybala oğlu Binyatovun xatirəsinə həsr edirəm.
Dəyərli oxucular, yazdığım bu məqalənin hər bir sözü, cümləsi və sətri həyatın özündən ilham alaraq qələmə alınmışdır. Şəhid İlyas Binyatovun qardaşları və bacılarından, eləcə də yaxınlarından toplanan məlumatlar, qardaşı oğlu İlyaz Habil oğlu Binyatov tərəfindən ədəbi dilə çevrilərək siz oxuculara təqdim edilmişdir.
Ümid edirəm ki, məqaləmi oxuyarkən təsirli anlara qapılsanız da, məqalədən zövq aldınız. Sonuna qədər oxuduğunuz üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm!
Müəllif: İlyaz Binyatov (Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", Baş nazir Əli Əsədovun Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalları ilə, o cümlədən Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasına görə Fəxri Fərmanla təltif edilib. O, eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yerli qurumu olan Bakı Şəhər Statistika İdarəsinin əməkdaşı, dövlət qulluqçusu, aparıcı məsləhətçidir)
Mənbə: oxu24.com
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.