Ayxan Abbasov: ”Milli üzvləri hiss etməlidirlər ki, yoxlama oyunları da onlar üçün vacibdir” - MÜSAHİBƏ
Məlum olduğu kimi, “Qarabağ”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə” mövsümün ikinci dövrəsinə hazırlıqlarını Türkiyədə keçir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov komandaları izləmək üçün Antalyaya yollanıb. O, “Qarabağ” və “Zirə”nin dünən baş tutan yoxlama matçlarını da izləyib.
Abbasovla müsahibəni təqdim edirik.
– Bir neçə gündür Antalyadasınız. Səfərinizin məqsədini bilmək istərdik.
– Milli komandanın futbolçuları klublarının heyətində toplanışdadır. Məqsədimiz onları yoxlama oyunlarında iş başında izləməkdir. İki köməkçim ilk gündən buradadır. Çalışırıq ki, bütün oyunları canlı izləyək. Bu gün üç qarşılaşmaya baxdıq.
– Müşahidəniz nəyi göstərir?
– “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ilk hissədə daha çox yerli futbolçulara şans verdi. Hətta onların içərisində gənclər də var idi. Yaxşı təsir bağışladılar. “Qarabağ” oyunu iki heyətlə keçirdi. Birinci hissədə 2 yerli futbolçu meydanda idi. İkinci hissədə azərbaycanlıların sayı 5-ə çatdı. “Sumqayıt” Antalyada 2 oyun keçirib və hər ikisində yerli futbolçular şans qazanıblar. Hazırlıq davam etdiyi üçün tam ideal formada olmasalar da, pis təsir bağışlamırlar.
– Renat Dadaşovla görüşünüzün özəl səbəbi var idi?
– Bildiyiniz kimi, Renat Dadaşov da buradadır. Onunla da görüşdüm. Milli üzvləri hiss etməlidirlər ki, yoxlama oyunları da onlar üçün vacibdir.
– Millinin qarşıdakı oyunlarında yeni adlar görə biləcəyik, yoxsa hələ gözləməliyik?
– Gənclər var ki, bu gün milli komandanın qapısını döyürlər. Son toplanışda 2-3 futbolçu debüt etdi. Məncə, belə davam etsə, yenə yeni adlar olacaq. Namizədləri izləyirik, məşqçiləri ilə danışırıq.
– Paralel olaraq “Şamaxı”nı da çalışdırdığınızı nəzərə alsaq, səfərinizin klubunuza faydası oldumu?
– Təbii ki, izlədiyimiz komandalar həm də rəqiblərimizdir. Bundan başqa, elə gənclər var ki, onları “Şamaxı”da görmək istəyirəm. Onları da izləyirəm. Bizim iddiamız digərlərindən fərqlidir. Başqalarından fərqli olaraq, biz gənclərə daha çox meydan verməyə çalışırıq.
– Belə vəziyyət yaranıb ki, yerli futbolçular daha çox oynaya biləcəkləri klublara üz tutmaqda maraqlı deyillər.
– Məncə, növbəti mövsüm dediyiniz məqam baxımından daha fərqli olacaq. Bunu düşünəcəklər. Məlum qaydalardan sonra bu ilk ildir, bir çoxunun klubu ilə müqaviləsi var. Karyeralarını fikirləşirlərsə, növbəti mövsüm diqqətli seçim etməli olacaqlar.
– Millinin martda toplanışı olacaq. Yaxın altı ay üçün qrafikdə dəyişiklik etməyi düşünürsüz?
– Bilirsiz ki, mart ayında FIFA-nın pəncərəsində 2 oyun var. Yayda Avstriyada toplanış təşkil etmək fikrimiz var. Həmin arada da 2 oyun keçirməyi fikirləşirik. Fikrimcə, Millətlər Liqasının startına qədər iki toplanış kifayət edəcək.
– İnsanları düşündürən əsas məsələ millidə mümkün köklü dəyişikliklə bağlıdır.
– Bu dəqiqə köklü dəyişiklik üçün böyük seçimimiz, perspektivli futbolçumuz yoxdur ki, beş-on il irəlini fikirləşək. Bunun üçün gərək elə U-21 və ya U-19 komandamız olsun ki, onları qazanmaq üçün nələrdənsə keçməyi gözə alaq. Bu proses yavaş-yavaş olacaq. Bu gün sevindirici məqam ondan ibarətdir ki, millimiz orta yaş göstəricisinə görə gəncdir. U-21-də oynamalı olan 2004 və 2005 təvəllüdlü Xəyalın, Rüfətin əsas millidə çıxış etməsi qeyd olunmalıdır. Onların sayını artırmalıyıq ki, gələcəkdə keçid prosesində axsamayaq. Təcrübəlilərlə rəqabətə girəcək gənclərə ehtiyacımız var.
– Əsas millinin baş məşqçisi kimi U-21-ə təyinat barədə fikirlərinizi bilmək istərdik.
– (gülür) Onu deyə bilərəm ki, U-21 ilə sıx əlaqədəyik. Çalışırıq ki, bəzi futbolçularla bağlı bir yerdə fikir mübadiləsi edək. Onların son oyunları zamanı özüm də səfərə getmişdim. Çünki U-21 ilə əsas milli arasında bağlılıq olmalıdır. Ümumiyyətlə, aşağı yaş qrupları eyni fəlsəfəyə xidmət etməlidir. Yaxşı komanda istəyiriksə, sistem olmalıdır. Bunu rəhbərliklə müzakirə edirik. Bunun üçün vaxt lazımdır.(futbolpress.az)