Azərbaycanın U-21 futbol millisinin baş məşqçisi Rəşad Eyyubov Bakıda Portuqaliya yığmasına 0:4 hesabı ilə uduzduqları AVRO-2027-nin seçmə matçından sonra məğlubiyyəti şərh edib.
Sportliqa.az xəbər verir ki, o deyib:
“Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə isə təəssüf ki, bunu itirdik. Komanda bir qədər boşaldı. Ən böyük problemimiz standart vəziyyətlərdir. Bu epizodlardan dərhal üç qol buraxdıq. Birinci hissəyə görə futbolçulara təşəkkür edirəm. İkinci hissədə isə pis oynadıq”.
– Sizcə, yığma Portuqaliya ilə səfərdə daha yaxşı oynadı, yoxsa evdə?
– Uduzmuşuqsa, deməli, pis oynamışıq.
– İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4. Bu, irəliləyişdir?
– Mənfi irəliləyiş olmur.
– Birinci hissədə hesab açılmadı. İkinci hissədə rəqib qol vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiniz?
– Bu, ilk növbədə intensivliklə bağlıdır. Belə tempə uyğunlaşmaq kifayət qədər çətindir. Ona görə də gücümüz yalnız birinci hissəyə çatdı. İntensivlik baxımından rəqib bizdən üstün idi.
– Komandadan daha artığını gözləyirdiniz?
– Futbolçuları optimal fiziki vəziyyətə gətirməyə çalışdıq. Amma bu, kifayət etmədi.
– Hava şəraiti oyuna təsir etdi?
– Şərait hər iki komanda üçün eyni idi.
– Hücumda komandadan razı qaldınız?
– Əgər qol buraxmırsansa, oyun 0:0 hesabı ilə başa çatır və bir xal qazanırsan (azerisport.com).
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az