Azərbaycanın U-20 milli komandası Qəbələdə təlim-məşq toplanışı keeçir.
Sportliqa.az xəbər verir ki, Qəbələdə olan AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb:
- Aprelin 13-dən U-20 yığma komandası təlim-məşq toplanışına yığılıb. Sabah toplanışın son günüdür. Toplanış zamanı 2 futbolçu zədələnib. Biri öncədən zədələnmişdi deyə, əvəzinə başqası dəvət edildi. Digəri isə toplanış zamanı zədələndi. Hazırlıqlar gedir. Düşünürük ki, bu toplanış gələcək hazırlıq üçün də faydalı olacaq.
- Növbəti təlim-məşq toplanışının harada keçirilməsi planlaşdırılır?
- Mayın sonunda başlayacaq, 2 həftəlik olacaq. O da Qəbələdə baş tutacaq. Bu toplanışda yoxlama görüşü olmadı. Məşqçilər korpusunun seçimi idi. Daha çox futbolçuları hiss etmək, tanışlıq xarakterli idi. İkinci təlim-məşq toplanışında isə yoldaşlıq görüşlərinin olması gözlənilir. Lakin hələ qərar verilməyib. Amma hələ qərar verilməyib ki, yerli komanda ilə olacaq, yoxsa beynəlxalq görüş olsun. Bu qərarı millinin məşqçilər korpusu verəcək.
- U-20 dünya çempionatına hazırlıq necə gedir?
- Hazırda davam edir. Müəyyən dövlət qurumları ilə də sıx əlaqədəyik. FİFA bütün proseslərə birbaşa nəzarət edir. Özbəkistanlı həmkarımızla sıx əlaqədəyik. Hazırlıqlar həftəlik formatda davam edir. Sırf açılış-bağlanışla bağlı detallı məlumatlar hazırda yoxdur. Çempionatın tarixinə gəldikdə, təxminən 2027-ci il sentyabr ayının ortalarından oktyabrın əvvələrinə təsadüf edəcək. Yaxın günlərdə dəqiq tarixlər, açılış-bağlanış oyunu, həm də püşkatma mərasimi ilə bağlı daha detallı məlumatlar əldə ediləcək.
- Futbolçuların oyun praktikasının artırılması ilə bağlı hansısa addım atılacaq? I Liqada hansısa klubun yığmanın bazası kimi fəaliyyət göstərməsi gündəmdədir?
- Bu qərar verilmədi, bu, olmayacaq. U-20 yığması bir ayda 2 həftəlik hazırlıq keçəcək. Sual çempionatlarla bağlıdır, çünki futbolçuların bəziləri Əvəzedicilər Liqasında, bəziləri Gənclər Liqasında oynayırlar. Gördüyünüz kimi, həm PFL, həm də Gənclər Liqasını keçirən departamentlə danışdıq və çempionatları dayandırdıq. Bunu etməyə məcbur idik. Çünki əks təqdirdə, klublar da çempionatda istədiyi kimi çıxış etməyə bilərdilər. Bunun qarşısını almaq üçün gələcəkdə müəyyən istiqamətlər var. Əvəzedicilər Liqasının ləğvi hələ ki müzakirə mövzusudur. İcraiyyə Komitəsində də hazırda müzakirəsi gedir, hələ ki qərarı verilməyib. Amma Əvəzedicilər Liqası ləğv olunmasa belə, böyük ehtimalla format dəyişikliyi ola bilər - həm Əvəzedicilər Liqasında, həm də Gənclər Liqasında. U-20 yığmamızın məşqçilər korpusu bizə 17 aylıq məşq cədvəlini verib. Hansı tarixdə məşq edəcəklərini bildiriblər. Bu gün bilirik ki, U-20 yığması necə və harada məşq edəcək. Aydın məsələdir ki, U-20 yığmasının dünya çempionatındakı iştirakı prioritet məsələdir. Biz AFFA olaraq çalışacağıq ki, digər liqaları təlim-məşq toplanışına uyğunlaşdıraq. Ona görə də ehtimal var ki, Əvəzedicilər Liqası ləğv olunmasa belə, çempionatın formatında dəyişiklik edilsin.
- Bəs, Premyer Liqada oynayan futbolçularla bağlı məsələ necə olacaq?
- Bəli, bu məsələ var. Amma hələ detallı müzakirə olunmayıb. İndi də bizdə “Qarabağ”da məşq edən futbolçumuz var. Premyer Liqada bu yaşda olan oyunçular demək olar ki, əsas heyət üzvləri deyil. “Sumqayıt”da oyunçumuz var. Ona görə də bu klubdan oyunçu dəvət edə bilmədik. Premyer Liqada prioritet idi. Amma gələcəkdə bununla bağlı hansısa klublarla danışıqlar olsun. Premyer Liqanın dayandırılması məsələsi gündəmdə deyil. Lakin ola bilər ki, klublarla danışıqlar olsun.
- Heyətin gücləndirilməsi yönündə ölkə xaricində çıxış edən futbolçularla bağlı hansısa addımlar atılıb?
- Bu toplanışa da ölkə xaricində çıxış edən futbolçuları dəvət edirdik. Təəssüflər olsun ki, onlar liqada davam etdiyinə görə, futbolçular toplanışa qoşula bilmədi. Gələcəkdə əlbəttə ki, onları yenidən dəvət etmək fikrimiz var. Hazırkı toplanışda ölkə xaricindən bizdə ancaq “Marset” futbol məktəbindən oyunçu var.
- Siyahıda olanlar hansı ölkədə oynayan oyunçulardır?
- Türkiyə, İsveçdə oynayan oyunçularımız var. Hansı ki, bundan əvvəl də yığmaya dəvət ediliblər, pasportları var. Almaniyadan da 1-2 oyunçumuz var. Amma detallı məlumat verə bilmirəm. Çünki Azərbaycanla bağlılıqları olsa da, pasportları hələ ki yoxdur.
- AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov hazırda FİFA-da çalışır. Onunla əlaqə necədir, dünya çempionatının keçirilməsi yönündə onun AFFA-ya köməyi var?
- Müəyyən əlaqələr olur. Amma Elxan Məmmədov hazırda milli assosiaiyalar üzrə rəhbərdir. Sırf dünya çempionatının keçirilməsi ilə bağlı kontaktlar da olur. Amma detallı görüşlərdə birbaşa FİFA-nın Yarışların Keçirilməsi üzrə Departamenti məşğuldur. Sırf həmin departamentlərlə əlaqə qurulur.
- Finalın Azərbaycanda, yoxsa Özbəkistanda keçirilməsi AFFA üçün prinsipial məqamdır?
- Bu məsələ ilə bağlı Özbəkistandan olan həmkarlarımızla danışıqlar gedir. Biz AFFA olaraq DÇ-nın final matçının Azərbaycanda keçirilməsinin tərəfdarıyıq. Danışıqlar gedir.
- U-19 və U-20 yığma komandalarının təlim-məşq toplanışları üst-üstə düşsə, prioritet hansı olacaq?
- Yaxşı sualdır. Bu məsələ ilə bağlı onu deyim ki, belə bir şey baş verə bilər. Çox güman ki, toplanışların üst-üstə düşmələr olacaq. Bu da ondan irəli gəlir ki, U-20 yığmasını hazırlamaq üçün təxmini hər ay 2-3 həftəlik toplanış keçiriləcək. Belədə, digər yığmalarla üst-üstə düşməsi qaçılmazdır. Təxmini görünən odur ki, U-20 yığması və U-19 yığmasının toplanışlarının toplanışları üst-üstə düşəcək. Məşqçilərlə birlikdə qərar verəcək, amma burada daha çox U-20 yığması prioritet götürüləcək.
- U-20 yığmasının dünya çempionatına qarşısına hansı hədəf qoyulacaq?
- Yığma komandamızın, baş məşqçimizin qarşısına əsas hədəf qoyulub ki, komandamız elə çıxış etsin ki, sadəcə iştirakçı kimi görünməyək. DÇ-də iz qoymuş komanda kimi görünmək istəyirik. Ən azından mübarizə aparaq, çox asan şəkildə məğlub olmayaq. Çünki dünya çempionatıdır, reallıqları da nəzərə almaq lazımdır. Keçmiş dünya çempionatlarının qrup mərhələlərinə, iştirakçılarına baxsaq, görəcəyik ki, oradakı iştirakçıların hər biri çox güclü komandalardır. Elə yaş qrupudur ki, bu turnirə xüsusi əhəmiyyət verilir. 17 yaşlılar deyillər, peşəkar müqavilələri olan, böyük klublara da məxsus oyunçuların oynayacağı turnirdir. Biz də AFFA olaraq reallığı anlayırıq. Əsas istiqamətimiz odur ki, komandamız çempionatda mübarizə aparsın.
- Təqvimlə bağlı açıq qalan məsələlər, şəhərlər, tarixlər, bunlara nə vaxt aydınlıq gətiriləcək?
- Dəqiq kimi bir şey demək istəmirəm ki, yalan olmasın. Amma görünən odur ki, yaydakı əsas dünya çempionatından sonrakı həftələrdə bəlli olacaq. Təxminən iyul-avqust.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az