Rui Jorje: " Futbolçulardan istədiklərimizi alırıq"
Azərbaycan U-20 milli komandasının baş məşqçisi Rui Jorje bu gün Qəbələdə jurnalistlər üçün brifinq keçirib.
Sportliqa.az xəbər verir ki, brifinq Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 komandaları arasında dünya çempionatına həsr olunub.
- Qəbələdə təlim-məşq toplanışı yaxşı gedir. Keyfiyyətli məşqlər keçmişik. Futbolçulardan istədiklərimizi alırıq. İki həftəlik toplanışdan razıyam. Oyunçularımla tanış oldum. Əsas məqsəd də bu idi. Buna görə yoxlama oyunları keçirmədik. Onlara nə istədiyimizi çatdırmaq istəyirdik.
- Futbolçularınız barədə fikriniz necədir?
- Onların işə yanaşmasından razıyam. Böyük istək var. Bu, məni qane edir. Görürük ki, öyrənmək və inkişaf etmək istəyirlər.
- Komanda hansı taktika ilə oynayacaq?
- Bu gün bununla bağlı danışmaq çətindir. Əlbəttə, hücum futbolu oynamaq istəyirik. Bu istiqamətdə çalışacağıq. Amma bunun üçün keyfiyyət lazımdır. Daha çox məşq etməliyik.
- Hansı komandalarla yoxlama oyunları keçirmək istəyirsiniz?
- Xarici komandalarla.
- Sizdən əvvəl burada tanınmış məşqçilər çalışıb, amma heç biri uğur qazanmayıb. Şanslarınızı necə qiymətləndirirsiniz?
- Keçmiş məşqçilər barədə danışmaq düzgün olmazdı. Mən buraya oyunçuların keyfiyyətini artırmaq üçün gəlmişəm. Gələcəyə fokuslanmışam və bunun üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək. Biz 2027 FIFA U-20 Dünya Çempionatına ev sahibi kimi qatılacağıq və anlayırıq ki, bu, seçmə mərhələdən fərqli durumdur. Digər iştirakçılardan geri qalmanı azaltmaq üçün işləməliyik.
- Qəbələdə şərait necədir?
- Bizim üçün əla şərait yaradılıb. Hara getsən, hər yerdə qonaqpərvər insanlarla rastlaşırsan. Dəstəyə görə hamıya təşəkkür edirəm