Fərid Qayıbov Pakistan səfiri ilə idman sahəsində əməkdaşlığı müzakirə edib
Gənclər və idman naziri Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuddini qəbul edib.
Gənclər və İdman Nazirliyindən Sportliqa.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin gənclər və idman sahəsində inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin, gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, səfirliyin inzibati məsələlər üzrə rəhbəri Məhəmməd Həsnain Ərşad da iştirak ediblər.