"Narahat edici məqamdı. Çünki hesab 2:1 bizim xeyrimizə idi. Son dəqiqədə qol buraxaraq qələbəni əldən verdik".
Sportliqa.az xəbər verir ki, bu sözləri "football-plus.az"a açıqlamasında "Qarabağ"ın üzvü Hamidu Keyta dedi. Fransalı vinger Misli premyer-liqasının 10-cu turunda "Turan Tovuz"la 2:2 hesabı ilə başa çatan görüşü şərh etdi:
"Rəqib əks-hücumlarda çox yaxşı təsir bağışlayır. Oyun zamanı bu göstərdi. Onlar məğlub olmaq istəmirdilər. Sona kimi mübarizə apararaq istəklərinə nail oldular. İndi bu oyunu unutmalıyıq. Qarşıdakı qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq".
Keyta Avropa Liqasında qarşılaşacaqları "Bayer-04"lə görüş haqda da fikirlərini bildirdi:
"Bu matça da digərləri kimi hazırlaşacağıq. Qələbə qazanmağa çalışacağıq. Düzdü, rəqibin gücünə bələdik. Göstərməyə çalışacağıq ki, bu komandaya qarşı oynamaq və qələbə qazanmaq olar".
Fransalı vinger H qrupundakı şanslarını da dəyərləndirdi:
"Turnirə yaxşı başlamışıq. 2 ardıcıl qələbə qazanmışıq. Yaxşı, güclü və keyfiyyətli komandayıq. Qrup mərhələsini keçmək üçün bütün keyfiyyətlərə sahibiq. Düzdü, qarşıda çətin oyunlarımızı var. Amma biz də onlar üçün asan rəqib deyilik. Ümid edirəm ki, qrupu keçəcəyik".