Misli Premyer Liqasında son 23 ayın rekordu qeydə alınıb.
Sportliqa.az xəbər verir ki, bu, mövsümün 10-cu turuna təsadüf edib. 3 gün ərzində keçirilən 5 oyunda 19 qol vurulub.
“Səbail” – “Neftçi” (2:4) matçında 6, “Qəbələ” – “Araz-Naxçıvan”(1:4) görüşündə 5, “Turan Tovuz” – “Qarabağ” (2:2) və “Sabah” – “Sumqayıt” (3:1) qarşılaşmalarının hərəsində 4 qol qeydə alınıb. Yalnız “Kəpəz” – “Zirə” oyunu qolsuz başa çatıb – 0:0.
Bir turda 19 qolun vurulması təkcə mövsümün deyil, 10 komandanın mübarizə apardığı son 2 çempionatın mütləq rekordudur. Orta məhsuldarlıq 3,80-ə bərabər olub.
Ölkə çempionatları tarixində daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021-ci ilin noyabrında təsadüf olunub. 2021/22 mövsümünün X turunda keçirilən 4 matçda 17 qol vurulub. Həmin vaxt məhsuldarlıq 4,25-ə bərabər olub.
Noyabrın 6-7-də keçirilən turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri keçirilib.
Qeyd edək ki, bunadək cari mövsümün rekordu 15 qolun vurulduğu 1-ci turda qeydə alınmışdı.