Polşanın məşhur “Sport” nəşri “Qarabağ” FK-nın Qarabağ müharibəsində rolu barədə geniş yazı hazırlayıb.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakı Olimpiya Stadionunda “Qarabağ”la qarşılaşmada Bakıya gələn “Rakuv”un media əməkdaşı, jurnalist Krystian Juźwiak bu məqalənin müəllifidir.
Həmin yazının mühüm hissələrini təqdim edirik:
“Qarabağ” FK həqiqətən xüsusi bir klubdur. Dünyada öz oyunlarını üç müxtəlif stadionda keçirən komandalar nadir tapılır. Bakı Olimpiya Stadionu 70 min nəfərlik tutuma sahibdir. Bu stadionda “Rakuv” ÇL-də mərhələ adlamaqla tarix yazdı.
İkincisi məşhur referi Tofiq Bəhrəmovun adını daşıyan Respublika Stadionudur. Bu otuz min nəfərlik stadion isə “Lex Poznan”ın 1:5 hesablı uduzmasına şahidlik edib. Üçüncüsü isə Qarabağın Surxanıda çempionat oyunlarını keçirdiyi “Azersun Arena”dır.
Qurban Qurbanovun mətbuat konfransı üçün “Azersun Arena”ya yollanırıq. Bizi klubun media üzrə məsul şəxsi Mehman Əşrəfov qarşılayır. “Qarabağ” klubunda medianın böyük işlərini görən həmsöhbətimiz daim gülümsəyir, bizə kömək etməyə çalışır. Olduqca pozitiv biridir və belə şəxslər digər insanlara nümunədir.
Əslində, yaxından tanış olanda bildik ki, o, ölkəsi üçün önəmli işlər görmüş, şərəfli ömür sürən biridir. O, 2-ci Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olub. Onun komandiri mayor Hüseynov Rəhim 2020-ci il oktyabrın 20-də Qubadlı uğrunda gedən döyüşlərdə ermənilərin snayper gülləsi ilə şəhid olub.
Prezident İlham Əliyev Qubadlı şəhərinin azadlığı üçün canından keçmiş əfsanəvi döyüşçü mayor Hüseynovu medallarla təltif edib. Mehman bildirir ki, komandiri erməni dili də daxil olmaqla 5-6 dildə sərbəst danışa bilən, önəmli zabit idi.
Azərbaycan prezidentinin sərəncamına əsasən, həmçinin döyüşlərdə iştirak etmiş şəxslərə medallar verilib. Polşada bu, Qarabağ Müharibəsi kimi adlanır, lakin Azərbaycanda Vətən Müharibəsi söyləyirlər. 44 gün davam edən münaqişədə döyüşən hər azərbaycanlı bu qəhrəman sayılır.
Mehman hazırda “Qarabağ”da işləyir və sosial media hesablarını idarə edir. O, Qarabağda döyüşüb və bu bölgəni təmsil edən klubda ləyaqətlə çalışır.
Ermənilər Azərbaycanın torpaqlarında müstəqil dövlət qurmağa çalışdılar. 1990-cı illərdə işğal edilmiş rayonlar arasında Ağdam şəhəri də var idi. İşğal uzun illər davam etdi və bu vəziyyət 2020-ci ilin payızında sona çatdı. Azərbaycan 20 ildən çox danışıqlar apardı, sülhlə torpaqları geri qaytarmaq istədi. Lakin bu, uğursuz davam etdi. İşğal illərində ermənilər Ağdamı viran edib, xarabalığa çevirmişdilər. “Qarabağ” FK məhz bu şəhəri təmsil edir. Bu şəhər “Ruhlar şəhəri” də adlandırılırdı.
Bakı olduqca müasir şəhərdir və inkişaf edir. Ancaq şəhərin hər küçəsində göz yaşları var. İnsanlar küçələrdə bayraqlar asır, müharibə həlak olmuş insanlara hörmət əlaməti olaraq, şəkillərin vurublar. Divarlarda isə “Qarabağ Azərbaycandır!” sözləri yazılır. Bu ölkədə Qarabağ üçün acı çəkməyən biri yoxdur.
Polşada “Qarabağ” klubuna “Qarabağ Ağdam” deyirik. Amma Ağdamdan əsər-əlamət yoxdur, şəhər xarabalığı təsvir edir. Lakin işğaldan azad edilmiş ərazilər yenidən qurulacaq, həyat qayıdacaq.
Mehmanın sözlərinə görə, “Qarabağ”da “İmarət”də son oyununu 1993-cü il mayın 12-də “Turan Tovuz”a qarşı keçirib. Həmin oyunda ağdamlıların qələbə qolunu Yaşar Hüseynov vurub. Onun qardaşı Müşfiq Hüseynov da “Qarabağ”ın əfsanəsidir. 1993-cü ildə Müşfiqin 23 yaşı var idi. İndi Müşfiq Hüseynovla Mehman Əşrəfov “Qarabağ” FK-da birlikdə çalışırlar.
Mehmanın sözlərinə görə, Müşfiq Hüseynovun müharibə ilə bağlı zəngin xatirələri var və imkan tapdıqca bu barədə söhbət edirlər.
Müşfiq Hüseynovun 2020-ci ildə “Report”a verdiyi müsahibəni tapdım:
“Prezidentimizə və ordumuza sonsuz təşəkkür edirəm. İnanıram ki, “İmarət” stadionu böyük görkəmə sahib olaraq bərpa olunacaq. Qarabağ Bakıda belə uğurlar qazanıbsa, orada da hər şey yaxşı olacaq. Hərbi əməliyyatlardan əvvəl Ağdamdakı oyunlarımıza minlərlə azarkeş gəlirdi. Onlar tribunaları doldurur və bizi dəstəkləyirdi. “İmarət”in inşa olunmasından və stadionun hazır olmasından sonra eyni həyəcanı yenidən yaşaya bilərik”.
“Dövlətimiz öz suverenliyini bərpa etdi. Qarabağda abadlıq işləri sürətləndirilir. 30 il öz ərazilərimizi sülh yolu ilə bərpa etmək mümkün olmadı. 44 günlük müharibə zamanı 3000-ə yaxın şəhidimiz oldu. Olanların xatirəsi daim ehtiramla yad edilir. Bu səbəbdə bir çox yerlərə, məktəblərə, yol və küçələrə savaşda şəhid olmuş insanların adları verilir. Dövlət şəhid və yaralılara, eyni zamanda müharibə iştirakçılarına hörmətlə yanaşır və onların imtiyazlarını qarşılayır”, - Mehman bildirir.
Yazıda müəllif Xocalı faciəsindən də bəhs edir, erməni vəhşiliyini polşalı oxuculara çatdırır. Müəllif “Qarabağ”ın futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovdan da yazıb. Yazıda işğal vaxtı “Qarabağ”ın qarabağlılar və ağdamlılar üçün böyük təsəlli olduğu vurğulanıb.
Elçin Əli Xan
Mənbə: Sport