Ötən həftəsonu AFFA və AGİN rəsmiləri Xankəndi şəhərində olub. Məqsəd şəhər stadionunun durumunu öyrənmək və perspektivdə arenanın durumundan faydalanmaq olub.
Sportliqa.az xəbər verir ki, arenanın tezliklə ölkənin idman ailəsinə daxil edilməsi, imkanlarından yararlanması planlaşdırılır. Hələlik ilkin araşdırmalar aparılır, qərarlar isə bir müddət sonra veriləcək.
Hazırda gənclər və idman nazirliyi stadionla bağlı hesabat hazırlayır. İdman qurğusunun durumu və burada oyun keçirmək üçün nələrin lazım olması ilə bağlı məruzə ediləcək. Təsadüfi deyil, AGİN-in infrastruktur idarəsinin nümayəndələri səfərdə məhz bu məqsədlə iştirak ediblər. Müvafiq büdcə müəyyənləşəcək və buranın istismara mümkün qədər tez verilməsi üçün səy göstəriləcək.
Xankəndi üçün ilkin olaraq iki variant düşünülüb. “Qarabağ”ın qarşıdakı ev oyunlarından birini və ya Azərbaycan Kubokunun final qarşılaşmasını işğaldan azad edilən şəhərdə keçirmək planlaşdırılır. Bu iki variantdan ən azı birini reallaşdırmaq üçün səy göstəriləcək.
futbolinfo.az