“Bayer 04” ilə Bakıdakı oyun fərqli keçəcək”.
Sportliqa.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Azərbaycan çempionunun Almaniya klubu “Bayer 04”lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu ilə bağlı danışarkən deyib.
Gənc mütəxəssis ötən həftə Leverkuzendə qeydə alınan 1:5 hesablı məğlubiyyətə baxmayaraq, Ağdam komandasından evdə uğurlu çıxış gözləyir: “Rəqibin kimliyindən asılı olmayaraq, azarkeşlər “Qarabağ”dan Bakıdakı matçlarda həmişə qələbə gözləyirlər. Bu, komandaya olan inamdan xəbər verir. Təmsilçimiz səfərdə böyük hesabla uduzmasına baxmayaraq, əminəm ki, növbəti dueldə almanlarla rəqabət aparacaq. Fikrimcə, başqa mübarizə izləyəcəyik”.
Əliyev “Bayer 04”ün hazırda çox yaxşı formada olduğunu vurğulayıb: “Bayer 04” ən yaxşı formada olduğu dönəmdə “Qarabağ”la qarşılaşır. Aradakı səviyyə fərqi çox böyükdür. Təsadüfi deyil ki, onlar hazırda Almaniya Bundesliqasına liderlik edirlər. Avropa Liqasında da qrupun aşkar favoritidirlər. Qrup ikinciliyinə isə “Qarabağ”ı daha şanslı hesab edirəm”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında növbəti oyun noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.