Qadın futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərov Millətlər Liqasının 3-cü turunun Monteneqro(3:0) ilə görüşü haqda danışıb.
Sportliqa.az xəbər verir ki, o, layiqli qələbə qazandıqlarını bildirib:
“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq. İkinci hissənin əvvəlində oyunumuzda bir qədər eniş oldu. Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bu zaman rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.