AFFA Yüksək Qızlar Liqasının 2-ci turunun “Neftçi” – “Balxurma” (Balakən) oyununda fantastik nəticə qeydə alınıb.
“Pressing.az” saytının əməkdaşı Elsəvər Muradzadə görüşlə bağlı maraqlı iddia səsləndirmişdi. Jurnalist bildirir ki, qarşılaşma daha tez – 77-ci dəqiqədə başa çatdırılıb. Buna səbəb “Neftçi”nin baş məşqçisi İbrahim Məmmədovun jesti olub. Mütəxəssis “Football-plus.az”a açıqlamasında belə hadisənin yaşanmadığını bildirdi. Elsəvər Muradzadə redaksiyamızla əlaqə saxlayaraq baş məşqçiyə cavab vermək istədi:
“İbrahim Məmmədovun açıqlamasıyla tanış oldum. Baş məşçi mənim yalan danışdığımı və matçın yarımçıq bitmədiyini deyib. Əla! Onda zəhmət olmasa, oyunun 90 dəqiqə keçirildiyini onlar sübut etsinlər (gülür). Matçın keçirildiyi arenada monitor yoxdu. Görüş də canlı yayınlanmadığından, yəqin ki, belə rahat danışır. Ümid edirəm ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək və onun rəhbərlik etdiyi qurum bu hadisəni görməzdən gəlməyəcək. Bilirsiz ki, AFFA Yüksək Qızlar Liqasının qalibi ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Belə başa düşürəm ki, mənim informasiyamı yalanlamağa çalışırlar. Görsəm ki, doğru qərar verilməyib və oyunun 90 dəqiqə keçirildiyi qəbul olunsa, məsələ ilə bağlı daha ciddi addımlar atacam. Bu məsələ ilə bağlı UEFA-ya şikayət edəcəm ki, Azərbaycanda qeyri-peşəkar liqa keçirilir”.
Football-plus.az