Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Sportliqa.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüşdə “Neftçi” və “Murov Az Terminal” komandaları qarşılaşıblar.
Oyun “Neftçi”nin üstünlüyü ilə başlayıb. İlk iki hissəni qalib başa vuran Pərviz Səmədovun yetirmələri gərgin keçən üçüncü hissədə məğlub olublar. “Murov Az Terminal” hesab arasındakı fərqi azaltsa da dördüncü set oyunda sonuncu olub. Bu hissədə yenidən təşəbbüsə yiyələnən “Neftçi” görüşdən 3:1 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, “Murov Az Terminal” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl”in 18 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
“Neftçi” - “Murov Az Terminal” 3:1 (25:19, 25:23, 19:25, 25:22)