“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin I turunda “Molde” klubu ilə qarşılaşacaq.
Sportliqa.az xəbər verir ki, bu, Azərbaycan və Norveç təmsilçilərinin avrokuboklarda altıncı matçı olacaq. İki ölkənin klubları indiyədək təsnifat mərhələlərində üç dəfə rəqib olublar.
Avropa Liqasının 2009/10 mövsümünün II təsnifat mərhələsində reallaşan ilk duelin də iştirakçısı “Qarabağ” olub. Səfərdə “Rusenborq”la qolsuz heç-heçə edən Ağdam Bakıda rəqibini Rəşad Sadıqovun yeganə qolu ilə üstələyib - 1:0. Mütəxəssislərin əksəriyyəti həmin qələbəni “Qarabağ”ın sonrakı uğurlarının başlanğıcı hesab edirlər.
Daha sonra “İnter” (hazırkı “Şamaxı” - red.) 2013/2014 mövsümündə bu ölkənin “Tromse” klubu ilə görüşüb. Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında uduzan (0:2) Azərbaycan təmsilçisi Bakıda 1:0 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb.
Növbəti dueldə yenidən “Qarabağ” iştirakçı olub. Özü də Ağdam klubu məhz “Molde” ilə qarşılaşıb. 2020-ci ildə Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə baş tutan matçda hesab açılmayıb - 0:0. “Qarabağ” penaltilər seriyasında 5:6 məğlub olaraq mübarizəni dayandırıb.
Qarşılaşmanın Kiprdə keçirilməsi isə koronavirus pandemiyası ilə bağlı olub. Əslində püşkün nəticəsinə görə, oyun Bakıda təşkil olunmalı idi. Amma Norveçdə tətbiq edilən karantin rejiminin tələblərinə görə “Molde” UEFA-ya qarşılaşmanın neytral meydanda keçirilməsi ilə bağlı tələb göndərmiş, “Qarabağ”ın etirazlarına baxmayaraq, qitə futbol qurumu tələbi qəbul etmişdi.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” oyunu saat 20:45-də başlayacaq.
Oxu.az