Deyəsən, AFFA-nın Rövşən Nəcəflə bağlı dövründə sabiq rəhbər Rövnəq Abdullayevi tez-tez xatırlayıb, “Gələn gedənə rəhmət oxutdurur” – deyimini çox işlədəcəyik.
İndi də xəbərlər dolaşır ki, federasiyanın yeni yönətiminin verəcəyi qərarlar arasında Əvəzedicilər Liqasının ləğvi də yer alır.
Axı niyə? Görəsən, bu liqanın daşı nədən bu qədər ağırdı?
Əslində isə bu çempionatın mütəmadi keçirilməsini vacib edən bir çox səbəblər var. Bu gün əvəzedici komandalarda 16-22 yaş arası gənc futbolçular çıxış edir. Təbii ki, onların hamısı yüksək potensiala sahib deyil. Amma aralarında böyük futbol oynamağı vəd edən uşaqlar da az deyil. 10 komandanın hər biri bu mövsüm 25-30 futbolçu sifariş edib. Bu da ümumlikdə 250-300 futbolçu deməkdir. Liqanın ləğv edilməsi, birbaşa olaraq bu sayda futbolçunun karyerasının sonu deməkdir. Kimsə Birinci Liqanı çıxış yolu kimi göstərə bilər. Amma həqiqət başqa şeydən xəbər verir.
Təsəvvür edin ki, Birinci Liqada çıxış edən heç bir komandanın heyətində 2004-2005 təvəllüdlü futbolçu yoxdur. Aşağı Liqada daha yaşlı yerli və leginer futbolçulara üstünlük verilir. Bu gün U-19 millimizin bütün üzvləri əvəzedici komandalarda çıxış edir. Əvəzedici Liqanın ləğv edilməsi U-19 millisinin də məhv edilməsi deməkdir.
Biz yaxın keçmişdə Əvəzedici Liqanın ləğv edilməsinə şahid olmuşuq. Rövnəq Abdullayevin AFFA-dakı rəhbərliyi dönəminə təsadüf edən həmin qərardan sonra ölkənin ən yaxşı futbolçu nəslindən olan 1996-97-ci il təvəllüd futbolçular karyerasını 20-21 yaşında bitirməli olmuşdu. Bu gün həmin uşaqların 27-28 yaşı var. Bu, bir futbolçunun karyerasının ən pik dönəmidir. İndi nəzər yetirək görək, hazırda klublarımızda neçə nəfər 27-28 yaşlı yerli fubolçu var? Demək olar ki, yoxdur. Təsəvvür edin ki, bu gün Premyer Liqada bu yaşda 24 legioner olduğu halda, yerli futbolçu sayı vur-tut 10 nəfərdir. Həmin 10 nəfərdən isə cəmi ikisi – Bəhlul Mustafazadə və Qismət Aliyev milli komandamızın üzvüdür.
Demək ki, 6 il əvvəl verilən və bu gün yenidən verilməsi gündəmə gətirilən qərar bir futbolçu nəslinin soyqrımı ilə nəticələnib. Acısını bu gün də yaşayırıq.
Sərxan Hacıyevin baş katib postuna təyinatından sonra baş tutan islahatlardan biri də Əvəzedicilər Liqasının bərpası oldu. 4 illik fasilədən sonra ötən mövsüm bərpa edilən liqanın faydası artıq bu ildən hiss olunmaqdadır. “Kəpəz”in əsas heyət üzvünə çevrilən Vüsal Mənsimov, “Qəbələ”də debüt edən Nicat Əliyev, Şahin Şahniyarov, Okan Tamazov, “Turan Tovuz”da oynamağa başlayan Məzahir Məmmədzadə, “Sabah”da üzə çıxan Xəyal Əliyev məhz əvəzedici komandadan əsas komandaya pənah gətiriblər. Həm də elitada gənc futbolçu oynatmaq tələbi olmadığı halda.
Xəyal hərbi xidmətini başa vurandan sonra “Sabah-2” komandasına cəlb edilib. Qısa müddətdə haqqında xoş fikirlər formalaşdıran Əliyev bu gün həm də gənclər millimizin üzvüdür. Adıçəkilən futbolçular əvəzedici komandada yox, Birinci Liqada olsaydılar, yəqin ki, bu gün əsas komandada onları görə bilməyəcəkdik.
Əvəzedici komandalarda olan uşaqların bir çoxu zaman-zaman əsas komandada məşqlərə qoşulurlar. Və ya əsas komandanın üzvlərini tez-tez əvəzedici komandalarda görürük. Bu da gənc futbolçuların inkişafı baxımından önəmlidir.
2018-ci ildə Əvəzedici Liqa ləğv ediləndə tanıdığım çox sayda futbolçu sevimli sənətini atıb, müxtəlif peşələrlə məğul olmağa məhkum olmuşdu. Tutaq ki, 18-20 yaşlı uşaqlar lap Birinci Liqa klublarına lazım oldu. Bizim indiki Birinci Liqada həmin uşaqlar nə öyrənəcək? Necə inkişaf edəcək? Əvvəla səviyyə aşağıdır. Əbəs deyil ki, bu gün Birinci Liqada çıxış edən 1 futbolçu belə Premyer Liqa klublarının diqqətini çəkə bilmir. Digər tərəfdən aşağı liqa klubları ilə bağlı çoxsaylı çirkin söhbətləri hamımız eşidirik. 18-19 yaşlı uşaqları öz əlimizlə həmin çirkabın içinə atmaq hansı insafdandır? Bu gün heç bəzi veteran futbolçularımız həmin söhbətlərə görə Birinci Liqaya getmək barədə düşünmür. Amma biz gənclərimizi zorla ora sürükləmək barədə düşünürük.
İşin bir də mənəvi tərəfləri var. Bu gün əvəzedici komandaların saxlanması böyük büdcə tələb etmir. Əksəriyyətində sırdan bir legionerin illik xərci qədər ancaq olar. Ümumiyyətlə isə Əvəzedici Liqanın olmasının heç bir zərəri yoxdur. Bunu həmin liqanın ləğvində maraqlı olan şəxslər də etiraf edir. Lakin varlığı çox şey qazandırır.
Ən əsası Əvəzedici Liqanın olması sayəsində kütləvilik yaratmış oluruq. Gənc oyunçulara daha geniş seçim imkanları veririk. Ən əsası peşəkarlıq, intizam içərisində olurlar. Pis vərdişlərdən böyük ölçüdə uzaq qalmış olurlar. Şəxsiyyət kimi böyümələrində rol alır.
Azərbaycan futbolu bu gün elə dönəmdədir ki, ləğv etmək yox, olanı qorumaq, keyfiyyəti artırmaq, peşəkarlığı ən üst səviyyəyə qaldırmaq lazımdır. Və ən əsası 18-20 yaşlı uşaqlara sahib çıxmalıyıq. Əminəm ki, yaxın gələcəkdə onların əksəriyyəti əsas komandaların heyətində özlərini yaxşı tərəfdən göstərəcəklər.
XANOĞLAN İMANOV