Azərbaycan çempionatında daha bir mövsüm başa çatdı. Gözlənilməz nəticə isə “Neftçi”nin avrokuboklardan kənarda qalmasıdı. Tarixinin ən pis dövrlərindən birini yaşayan klub buna görə sərt şəkildə tənqid edildi. Hətta Miodraq Bojoviçin istefaya göndərilməsi də ehtirasları sakitləşdirmir. Bəs “Neftçi”nin avrokuboklardan kənarda qalması ölkə futbolu üçün nə məna kəsb edir?
Sportliqa.az xəbər verir ki, “ağ-qaralar”ın sabiq çalışdırıcısı Tərlan Əhmədov Football-plus.az saytına məsələ ilə bağlı bunları deyib:
“Utandırıcı, "Neftçi" adına yaraşmayan nəticədi. "Ağ-qaralar" 2016-19-cu illərdə 6-7-ci yerlər üçün mübarizə aparırdı, sanki həmin dövrə qayıtdı. Çempionatın başlamasına az qalmış Adrian Mutu komandaya dəvət olundu. Qışa qədər uğursuzluqlar yığıldı, məşqci işi görünmədi, komanda get-gedə gerilədi, oyun üslubu gözə çarpmadı, potensiallı futbolçuların səviyyəsindən aşağı çıxış etməsi, sona doğru da zəif çıxış belə nəticələrə vəsilə oldu. Qışda Mutunu göndərilib, Miodraq Bojoviçi gətirəndə yenə səhv etdilər. Rusiyada çalışdırdığı dövrlə bağlı internetdə ən müxtəlif fikirlərin toplanmasına baxmayaraq, flaqman kimi komandaya gətirilməsi yanlış addım idi. Üstəlik transferlərdən heç birinin komandaya xeyri dəymədi. Bunlar da onu göstərir ki, komandada strategiya düzgün qurulmayıb.
Orda işləyib-işləməməyimdən aslı olmayaraq, həmişə deyirəm: nə qədər ki, "Neftçi" uğursuzluq zolağındadı, Azərbaycan futbolunda böyük inqilab olmayacaq. Bu gün "Neftçi" və "Kəpəz" "can üstədisə", nədənsə danışmağa dəyməz. O ki qaldı məşqci işinə, bu, ilk gündən görünmədi. Futbolçularla təmas qura bilmədi, bu da futbolçuların öz potensialından aşağı oynamasına səbəb oldu. Emin Mahmudov kimi futbolçunun potensialını aça bilmədi. Son oyunlara baxıram, Eddi İsrafilov ancaq dava ilə, hakimə narazılıqla seçilir. “Sabah”la oyunda gənc futbolçu Ağadadaş Salyanski 2-ci hissədə meydana çıxır, az sonra rəqib futbolçularla dava edir. Bunlar komandadaxili nizam-intizamın səviyyəsini göstərir.
Əlbəttə, baş məşqçinin və rəhbərliyin günahı var ki, komandada balanssızlıq yaranıb. Həmçinin həlledici matçda qapıçılardan Rza Cəfərov yox, İvan Brikiçə şans verildi. Vurulan qolda da qapıçı iki əllə getmək əvəzinə bir əli ilə müdaxilə etdi. Mövsümboyu uğurlu çıxışla yadda qalan Rza hansı məntiqlə bu dəfə heyətdə olmur? Mark Tamaş, Yuri Matias, Höccət Haqverdi kimi futbolçuların olmasına baxmayaraq, müdafiədə ciddi problemlər var. Bunları isə nə Mutu, nə Bojoviç həll edə bildi. Bojoviçin son mətbuat konfransında “bəli, günahkaram, amma yeganə günahkar mən deyiləm” deməsi də böyük sual doğurur. Klub öz akademiyasına yönəlməlidi, gələn əcnəbi məşqlər isə heç vaxt akademiyalara nəzər salmırlar. Halbuki klubların hər birinin akademiyasında istedadlı, potensialı böyük olan futbolçular var.
Bəli, “Neftçi” 5-ci yeri tutmamalıydı. Burda klub rəhbərliyinin, məşqçilər korpusunun, futbolçuların – hər kəsin günahı var. Futbol veteranlarının da günahı var ki, indiyə kimi sakit durublar, “Neftçi”nin bu vəziyyətə düşməsinin səbəblərini dilə gətirmirlər. “Neftçi” üçün ən uğurlu məşqçilər həmişə yerli mütəxəssislər olub. Düşünürəm ki, artıq strategiyanı dəyişməlidilər. Rövşən Nəcəf klubdan gedəndən sonra yeni rəhbər də gəlmədi. Söz sahibi olan bir nəfər olmalıydı və artıq bu yoxdu. Görünür, burda hansısa fikir ayrılıqları var ki, komanda bu vəziyyətdədi. Yenə deyirəm, mən inanmıram ki, əcnəbi məşqçilər “ağ-qaralar”la uğur qazansın. Bu elə bir tarixi klubdu, elə bir kökə malikdi ki, burda Azərbaycan futbolunun ürəyi döyünür. “Neftçi” Azərbaycan futbolunun tarixidi. Klubda bir nəfər söz sahibi olmalı, strategiyanı yerinə yetirməlidi. “Neftçi”nin 5-ci yeri tutması, mükafatçılar sırasına düşməməsi artıq futbolumuz üçün böyük zərbədi. Çox danışmaq, çox söz demək olar. O komandada həm oyunçu, həm də məşqçi kimi iki dəfə nəticə vermişəm. Rəhmətlik Böyükağa Hacıyev xəstəxanada yatdığı dövrdə komandanı mən hazırlamışam. İstəmişəm və istərdim ki, “Neftçi” daha yüksək yerlərdə olsun”.