Azərbaycan Şahmat Federasiyası tərəfindən milli komandadan xaric edilən və bir il öncə ölkəni birdəfəlik tərk edərək, ABŞ-ə köçən qrosmeyster Vasif Durarbəyli sosial şəbəkə hesabında paylaşım edib.
Sportliqa.az xəbər verir ki, o, qurumun ünvanına sərt sözlər işlədib.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"Federasiya mənim komandadan xaric edilməyimi mətbuatda "əsaslandırıb". Bir neçə hissəyə bölərək cavablandırıram.
"Milli komandanın heyəti şahmatçıların cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan – Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür." Azərbaycan Şahmat Federasiyasının Prezidenti cənab Məmmədov ilə mənim aramdakı 2024-cü ilin ilk yarım ili üçün imzalanmış müqavilədə Azərbaycan çempionatında və ya ölkədaxili yarışlarda iştirak kimi öhdəliyim qeyd edilməyib. Retroaktiv şəkildə bu cürə tələblər qoyula bilməz.
Məni heç bir təlim-məşqə bu il federasiya dəvət etməyib.
Sonda mən harada milli komanda dəyərlərinə hörmətsizlik nümayiş etdirmişəm? İndiyə kimi bu barədə heç bir rəsmi xəbərdarlıq almamışam.
"Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdır". Mənim Azərbaycanın aparıcı şahmatçıları ilə qarşılıqlı hörmətə söykənən münasibətim var. Əgər oyunçular mənim çıxışımın ab-havanı korlayacağına inanırlarsa, buyurub açıqlama versinlər. Onda mən də komandada olmamağımı ədalətli hesab edərəm. Əks təqdirdə mənim federasiya idarəçiləri ilə münasibətimin milli komandaya aidiyyəti olmamalıdır.
"Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır." Reytinq şahmatçının güc göstəricisidir. Yuxarıda qeyd edilən oyun hazırlığı və nəticələrinin təcəssümüdür. Üstəlik Azərbaycan şahmat tarixində bunun əsas amil kimi götürülməsinin presedenti var. Bu halda reytinq necə həlledici rol oynamaya bilər?!
"Milli komandaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləriylə müzakirə edilir və yekun qərar qəbul olunur." Bu, yəqin ki cənab Məmmədovun üzünü qorumaq cəhdidir. Qərarların İcraiyyə komitəsi tərəfindən verilməsinə işarə edilir, bununla da məsuliyyətdən yayınmağa çalışır.
Qərarlar deyirəm çünki ilk iki üzvün adı may ayında açıqlanıb, deməli birinci qərar maydan öncə verilib. Görünür, İcraiyyə komitəsi hər iki aydan bir, üzvlər təsdiqləyib.
Qərarlar komitə tərəfindən verilibsə, lap yaxşı! Onda demək iclaslar keçirilib, səs vermələr olub və qərarlar əsaslandırılaraq qəbul edilib, və bunları təsdiqləyəcək sənədlər mövcuddur. Tezliklə aydınlanar.
"Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Milli komandanın əsas üzvləriylə yanaşı ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib." Cənab Məmmədova təqaüdümü kəsmədiyi üçün təşəkkürümü bildirirəm! Məhkəmə çəkişmələri üçün məmnuniyyətlə xərcləyəcəyəm. Bu məsələdə sona qədər, hər mümkün istiqamətdə gedəcəyəm.
Mənimçün bu, şərəf və mənəviyyat məsələsidir. +2600 Qrosmeyster heç nədən var olmur. Mənim yetişməyimdə Azərbaycan xalqının yüz minləri xərclənib. Bu səbəbdən mənim xalqımıza mənəvi borcum var. Yığmada oynayıb, medal qazanaraq qismən bu borcu ödəmək arzum vardı. Haqqım ola-ola məni bu arzudan cənab Məmmədov məhrum etməməli idi".