
21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan FİFA referisi Elçin Məsiyev bununla bağlı AFFA-nın saytına fikirlərini bildirib.
Sportliqa.az xəbər verir ki, Məsiyev təyinatı haqda belə deyib:
“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir. Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən, qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.
Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.