
Bir neçə gün əvvəl qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının seçmə mərhələsinin sonuncu oyununda Bakıda Litva ilə qarşılaşıb və matçdan böyükhesablı məğlubiyyətlə ayrılıb - 0:5.
Bu yenilgi azmış kimi, UEFA AFFA-nı növbəti dəfə cərimələyəcək.
Belə ki, qarşılaşmanın startı 3 dəqiqə yubanıb. Buna səbəb isə millimizin üzvlərinin oyundan qabaq şeir demələri olub. Matçdan öncə bir-birilərini motivasiya etmək üçün şeir deyən qızların bu addımı isə AFFA-ya baha başa gələcək.
Sportliqa.az Pressing.az-a istinadla xəbər verir ki, matçın UEFA nümayəndəsi bunu protokola qeyd edib və qurumun İntizam Komitəsinin növbəti iclasında bu məsələylə bağlı qərar veriləcək.
Xatırladaq ki, analoji hal Litva ilə aprelin 4-də keçirilən oyunda da yaşanmışdı. "Report"un məlumatına görə, millimizin baş məşqçisi Siyasət Əsgərova görə oyunun startı yubanmış və buna görə UEFA AFFA-nı 5000 avro məbləğində cərimələmişdi.
Foto: since1951.az