
Üç gün əvvəl AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Toplantıda müzakirə məsələlərdən biri də qadın futbolunun mövcud durumu olub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib. O, A milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini bölüşüb.
Cahangir bəy yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacağını da diqqətə çatdırıb.
Fərəcullayev bununla qadın futbolunun idarəçiliyində yeni bir mərhələnin başlanması siqnalını vermiş olub. Burada isə əsas diqqətlər departamentin rəhbəri Əminə Həsənovaya yönəlir.
İllərdir AFFA-da qadın futbolunun başbiləni olan Əminə xanımın fəaliyyəti rəhbərliyi narazı salıb. Qadın liqalarının təşkilində departamentin fəaliyyəti qadın futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərovun da ürəyincə deyil.
Beləliklə, uzun müddətdən sonra Əminə Həsənova kreslosunu təhvil verəcək.(Pressing.az)