“Sabah” klubunun rusdilli, əcnəbisevər insanlar tərəfindən idarə olunduğu Azərbaycan futbol ictimaiyyətinə artıq sirr deyil. Klub yaranandan bəri azərbaycanlıların yox, daha çox əcnəbilərin maraqlarına xidmət edir. Bu arada dünən də akademiyanın idarəetməsinə daha bir əcnəbi mütəxəssis gətirildi.
İllərdir klub rəhbərliyi gənc azərbaycanlı futbolçuların yolunu kəsməklə, karyeralarına böyük zərbə vurmaqla da ad çıxarıb. U-21 və əsas millinin üzvləri belə əvəzedici komandaya “sürgün” edilib. Şakir Seyidov, Emil Qasımov, Elçin Mustafayev, Kamran Quliyev, İdris İnqilablı, Nicat Mehbalıyev, Ceyhun Nuriyev, Yusif İmanov, Abdulla Rzayev – adları sadalamaq kifayətdir.
Rauf Rüstəmli nümunəsi də bunu təsdiqləyir. Keçən mövsüm Ayxan Abbasovun böyük əməyi hesabına “Şamaxı”da parladı, U-21-ə və əsas milliyə yüksəldi. Amma bu yay “Sabah” rəhbərliyi onun həmin komandaya qayıtmasına imkan vermədi. “Sumqayıt”a icarəyə göndərdilər, üstəlik müqaviləyə şərt qoydular ki, “Sabah”a qarşı oynamasın.
Bütün bunların fonunda unutmayaq ki, klubun büdcəsi həm də ictimai vəsait hesabına formalaşır. Dövlət hər il milyonlarla manat dotasiya ayırır. Eyni zamanda rəhbərlik AFFA-da da təmsil olunur. Yəni həm gənclərin yolunu kəsirlər, həm də Azərbaycan futbolunun inkişafına cavabdeh postlarda əyləşiblər.