"Qarabağ" ailəsi Yeni Robotik Reabilitasiya Mərkəzində
- FOTO
“Qarabağ” Futbol Klubunun nümayəndələrinə yeni istifadəyə verilən Yeni Robotik Reabilitasiya Mərkəzində infotur təşkil olunub.
Sportliqa.az xəbər verir ki, ziyarətdə Ağdam klubunun baş direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov, baş məşqçisi Qurban Qurbanov, futbolçular, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov iştirak ediblər.
Mərkəzlə tanışlıq zamanı P.Əkbərov Mərkəzdə tətbiq olunan müasir reabilitasiya texnologiyaları, xüsusilə idman zədələrinin bərpası və idmançıların performans reabilitasiyası sahəsində istifadə olunan innovativ avadanlıqlar barədə geniş təqdimatla çıxış edib.
O, mərkəzdə mövcud olan robotik sistemlərin, yüksək dəqiqlikli analiz cihazlarının və fərdi proqramlaşdırılmış reabilitasiya metodlarının idmançıların daha sürətli və effektiv bərpasına imkan yaratdığını xüsusi vurğulayıb.
Komanda üzvləri mərkəzin imkanları ilə yaxından tanış olaraq bir sıra avadanlıqları praktiki şəkildə sınaqdan keçiriblər.
Onlar avadanlıqların funksionallığı, reabilitasiya prosesinə verdiyi üstünlüklər və idman performansının yaxşılaşdırılmasında rolu ilə bağlı mütəxəssislərdən ətraflı məlumat alıblar.